Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İsabalayeva/
Bu il yanvar-iyun ayları ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları yeyinti sahəsində işləyən 515 sahibkarı inzibati qaydada cərimələyib. Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) məlumat verilib.
Mərkəzdən bildirilib ki, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər. Bu müddətdə 54 nəfər barədə materiallar inzibati orqanlara verilib.
Hesabat müddətində 167 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 189 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Bu ilin yanvar-iyul ayları ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 6441, mikrobioloji göstəricilərinə görə 5870, toksikoloji göstəricilərinə görə 1622, radioloji göstəricilərinə görə isə 175 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 126-da orqanoleptik və fiziki-kimyəvi, 74-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.
Bu ilin 7 ayı ərzində iaşə müəssisələrindən 19256 yaxma, 267 soyuq qəlyanaltı nümunəsi götürülüb. Yaxma nümunələrinin 313-də, soyuq qəlyanaltıların 4-də bağırsaq çöpləri normadan artıq olub.