Azərbaycan, Bakı, 28 avqust / Trend, müxbir M.Əliyev/
Tam məsuliyyətlə bəyan edirəm ki, regionlarda gizlədilən vakant müəllim yerləri üçün birbaşa məsuliyyət mövcuddur və təhsil naziri kimi belə halların araşdırılması və onlara yol vermiş şəxslərin cəzalandırılması üçün fəaliyyət göstərəcəyəm.
Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Facebook" səhifəsində ona ünvanlanan sualları cavablandırarkən bildirib.
Eyni zamanda M.Cabbarov müəllimlərin qəbul imtahanlarında topladığı balların aşağı səviyyədə olduğunu vurğulayıb: "Təəssüflər olsun ki, keçirdiyimiz imtahan nəticələri o qədər də ürəkaçan deyil. 3200 vakansiyadan 1200-dən bir az çox vakansiya imtahan nəticəsində dolduruldu".
Lakin təhsil naziri keçid ballarının aşağı salınmayacağını bildirib: "Biz bunun şahidiyik ki, vakansiyanın doldurulmasına keçid balının aşağı salınması ilə nail olunur. Biz bunun tərəfdarı deyilik. Müəllim peşəsini tədris etmək üçün minimal bilik səviyyəsi var və bu səviyyə imtahanından keçə bilməyən müəllim öz funksiyasını necə peşəkar səviyyədə həyata keçirə bilər? Bilik imtahanından keçə bilməyən şəxsi müəllim kimi qəbul etməkdənsə, həmin müəllim yükünü məktəbdə fəaliyyət göstərən digər müəllimlər arasında bölüşdürmək daha düzgündür. Çünki gələcək müəllim bilməlidir ki, müəllim peşəsinə sahib olmaq üçün biliklərə sahib olmalıdır. Bu il 2000-dək vakansiyanı bilərəkdən doldurmuruq, keçid balını aşağı salmırıq, bilik üzərində kompromisə getmirik, çünki istəyirik ki, müəllim ordusunun orta bilik səviyyəsi üstün olsun".