Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu ilin avqust ayı ərzində cərimələri ödəməyən 12 müəssisə ilə bağlı istintaq orqanlarına müraciət edib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, ötən ay Azərbaycanda yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu üçün 13 müəssisənin fəaliyyəti dayandırılıb.
Yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya nümunələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 77 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunub.
Avqust ayında orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 603, mikrobioloji göstəricilərinə görə 585 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Şadlıq evlərindən 1900 yaxma nümunəsi götürülüb.