...

Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi üçün Türkiyə təcrübəsindən istifadə çox uğurlu olar

Cəmiyyət Materials 16 Sentyabr 2013 17:05 (UTC +04:00)
Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi üçün Türkiyə təcrübəsindən istifadə çox uğurlu nəticələrə gətirib çıxarar. Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.
Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi üçün Türkiyə təcrübəsindən istifadə çox uğurlu olar

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi üçün Türkiyə təcrübəsindən istifadə çox uğurlu nəticələrə gətirib çıxarar. Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

Onun sözlərinə görə, Türkiyə çox qısa zamanda bütün əhalisini və ərazisini əhatə edən icbari tibbi sığorta sistemi yarada bilib.

Millət vəkili bildirib ki, elektron səhiyyə qurulduqdan sonra hər bir Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsində onun sağlamlıq durumu ilə bağlı elektron çip yerləşdirilə bilər. Vətəndaş şəxsiyyət vəsiqəsini təqdim etdikdə və ya onun nömrəsini söylədikdə elektron məlumat bazasına daxil olmaq mümkün olar: "Bunun da sayəsində şəxsin anadan olduğu gündən müraciət etdiyi günədək olan bütün xəstəlikləri barədə tarixçə istənilən klinikada həkimin gözü qarşısında olacaq. Bu sistem artıq bizim səhiyyəmizin inkişafı üçün lazımdır".

M.Quliyev hesab edir ki, gələn ildən Azərbaycanda icbari tibbi sığorta sistemi tətbiq edilə bilər. Səhiyyə sisteminin inkişafı, sığorta sisteminin formalaşması, sığorta sisteminin maliyyə imkanlarının genişlənməsi buna imkan yaradır.

Komitə üzvü bu fikirdədir ki, bu sistemin 1 il ərzində bütün ölkəni və əhali təbəqəsini əhatə etməsi vacib deyil. İlkin mərhələdə bu sistemi müəyyən təbəqə üçün həyata keçirmək və təcrübə toplamaq olar: "İcbari tibbi sığortanın tətbiqi çox böyük maliyyə vəsaiti tələb edilir. Ümumilikdə ölkədə icbari tibbi sığortanın geniş tətbiqi üçün 1 milyard manatdan yuxarı vəsait lazım olacaq".

M.Quliyev deyib ki, həmin vəsaitin hamısı dövlət büdcəsindən ayrılmayacaq. Bu vəsaitin yalnız bir hissəsi büdcədən ayrılacaq. Bununla da müəyyən təbəqə icbari tibbi sığorta ilə təmin ediləcək. Vəsaitin büdcədən ayrılacaq müəyyən bir hissəsi yalnız əlillər, işləməyən insanlar, pensiyaçılar, şəhid ailələri, yəni sosial müdafiəyə ehtiyacı olan insanlar üçün nəzərdə tutulacaq. İşləyən insanlar üçün tələb olunan vəsaiti onun işlədiyi şirkət ödəyəcək. Vəsaitin müəyyən bir hissəsinin ödənişini isə vətəndaş özü həyata keçirəcək.

M.Quliyevin sözlərinə görə, icbari tibbi sığortanın geniş tətbiqindən sonra dövlətin səhiyyə yükü bir az azalacaq və o yük dövlət büdcəsi, vətəndaşın özü və onun işlədiyi müəssisə üzərində paylaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti