Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və siyasi sığınacaq verilmiş şəxslərin işə qəbulu üçün iş icazəsinin alınması ləğv edilib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev Trend-ə bildirib ki, indiyədək qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və siyasi sığınacaq verilmiş şəxslərdən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması tələb olunurdu:
"Bu icazə alınarkən isə yüksək məbləğdə dövlət rüsumu ödənilməli idi. Ancaq qaçqın və sığınacaq axtaran şəxslərin buna imkanı olmadığından onlar əmək fəaliyyəti ilə qeyri-leqal işləyirdilər. BMT QAK da bunları nəzərə alaraq, bir müddət əvvəl ölkə hökumətinə qaçqın və sığınacaq axtaran şəxslərin işə qəbulu zamanı tələb olunan iş icazəsinin alınması prosedurunun və dövlət rüsumunun ödənilməsinin ləğvi təklifi ilə müraciət etmişdi. QAK-ın təklifi yeni qəbul edilən Miqrasiya Məcəlləsində nəzərə alınıb".
E.Ağayev deyib ki, bu il avqustun 1-dən qüvvəyə minən Miqrasiya Məcəlləsi əsasında qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və siyasi sığınacaq verilmiş şəxslərin bundan sonra leqal əmək fəaliyyəti ilə məşğul olmasına imkan yaranacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda 1520 nəfər qaçqın və sığınacaq axtaran şəxs var. Qaçqın və sığınacaq axtaran şəxslərin 46 faizi əfqanlar, 43 faizi çeçenlər, 5 faizi iranlılardır. Qalan qaçqın və sığınacaq axtaran şəxslər isə digər dövlətlərindəndir.