...

Elman Babayev: Hərbi qulluqçulara pensiyaların verilməsində yeni qaydaların tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklərin olunması nəzərdən keçirilmir

Cəmiyyət Materials 8 Oktyabr 2013 12:24 (UTC +04:00)
Azərbaycanda hərbi qulluqçulara pensiyaların verilməsində yeni qaydaların tətbiq edilməsinə başlanılacağı barədə yayılan fikirlər həqiqətdən uzaqdır.
Elman Babayev: Hərbi qulluqçulara pensiyaların verilməsində yeni qaydaların tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklərin olunması nəzərdən keçirilmir

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin Trend-ə müsahibəsi

- Mövcud pensiya qanunvericiliyində hərbi qulluqçular nə kimi güzəştlərə malikdirlər?

- "Əmək pensiyaları haqqında" Qanuna əsasən, hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) güzəştli şərtlərlə əmək pensiyası almaq hüququna malikdirlər. Belə ki, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin, hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin, hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyə əsasən, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.

Bundan başqa, qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının fərdi qaydada hesablanması nəzərdə tutulub ki, bu da daha yüksək məbləğdə pensiya təminatı deməkdir.

- Yayılan bəzi məlumatlara görə, hərbi qulluqçulara pensiyaların verilməsi qaydaları dəyişdiriləcək...

- Azərbaycanda hərbi qulluqçulara pensiyaların verilməsində yeni qaydaların tətbiq edilməsinə başlanılacağı barədə yayılan fikirlər həqiqətdən uzaqdır. Bununla bağlı hazırda qanunvericiliyə hansısa dəyişikliklərin olunması nəzərdən keçirilmir.

- "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı nə kimi işlər həyata keçirilib? Proqramda qarşıya qoyulan vəzifələr vaxtında icra edilibmi?

- Ötən dövr ərzində "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsi, vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi tədbirləri sürətlə icra olunub. Bu sırada icbari dövlət sosial sığorta haqları ilə sığorta ödənişləri arasında birbaşa əlaqənin təmin edilməsi, sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, sığortaolunanların əvvəlki sistemin tətbiqi dövründə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsinin yeni pensiya sisteminə uyğun həyata keçirilməsi, yeni sığorta-pensiya sistemi fəaliyyətə başladıqdan əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya məbləğləri arasında əvvəlki pensiya sisteminin yaratmış olduğu fərqlərin aradan qaldırılması xüsusilə qeyd olunmalıdır. Bu dəyişikliklər nəticəsində Azərbaycanda pensiya təminatı vahid sistemə gətirilib, bununla da əvvəlki sistemlə əhatə olunmuş insanların pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə inteqrasiyası tamamlanıb. Dövlət proqramına uyğun olaraq həyata keçirilən tədbirlər nəticəsində Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda vahid mərkəzdən avtomatlaşdırılmış pensiya təyinatının tətbiqinə start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti