...

Əfv sərəncamlarına düşənlər azadlığa buraxıldı (ƏLAVƏ OLUNUB 4)

Cəmiyyət Materials 15 Oktyabr 2013 11:41 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində artıq 19 nəfər məhkum əfv sərəncamı əsasında azadlığa buraxılıb. Trend-in məlumatına görə, onların arasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də var.
Əfv sərəncamlarına düşənlər azadlığa buraxıldı (ƏLAVƏ OLUNUB 4)

Təffərrüatlar əlavə edilib (İlk xəbər saat 09.00-da yayılıb)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İ.İzzət/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində artıq 19 nəfər məhkum əfv sərəncamı əsasında azadlığa buraxılıb. Trend-in məlumatına görə, onların arasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də var.

Fərhad Əliyev jurnalistlərə bildirib ki, bundan sonra da ölkəmizin inkişafına xidmət edəcək, cənab Prezidentə sadiq qalacaq: "Cənab Prezidentə əfvlə bağlı müraciət etməyimdə təəccüblü heç nə yoxdur. Mənim həmişə bir sadiq amalım, düşüncəm olub.
Ona görə də həbs olunmamışdan əvvəl də, həbsdə olunduğum, istintaq dövründə də cənab Prezidentə sədaqətli olduğumu bildirmişəm. Burada nəyə görə söz-söhbət yarandığını deyə bilmərəm. Bunun cavabını söz-söhbəti yaradanlar axtarıb tapmalıdırlar. Həqiqət ondan ibarətdir ki, mən həmişə öz sağlam əqidəmə sadiqəm, əvvəl də sadiq olmuşam, həbs olanda da sadiq idim, bundan sonra da sadiq olacağam".

F.Əliyev bildirib ki, o, yüksək mənəviyyata, əxlaqa sahib olan, özünə hörmət edən şəxs kimi bundan sonra xalqın, dövlətin inkişafına, daha da qüdrətlənməsinə xidmət edəcək: "Harada işləməyimdən, fəaliyyət göstərməyimdən asılı olmayaraq, cənab Prezidentin yaratdığı şəraitə uyğun olaraq, fəaliyyətimi davam etdirəcəyəm. Ulu öndər Heydər Əliyevin yoluna sədaqətli olacağam".

F.Əliyev bildirib ki, ailəsi ilə birlikdə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək.

Ombudsman Elmira Süleymanova da 2 saylı cəzaçəkmə müəssisəsində azadlığa çıxanları təbrik edib. Ombudsman bildirib ki, bütün əfv sərəncamları sevinclə qarşılanır. Ancaq budəfəki əfv fərqlidir. Çünki həm çox insanı əhatə edir, həm də Qurban bayramında həyata keçirilib.

Penitensiar xidmətin rəis müavini general-mayor Hüseyn Əlixanov da azadlığa çıxanları təbrik edib və onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb: "Əfv sərəncamının imzalanması Prezidentin həmin şəxslərin ailələrinə etimadıdır. Ümid edirik ki, əfv olunanlar yenidən cinayət törətməyəcəklər".

H.Əlixanov bildirib ki, 1995-ci ildən bu günə qədər 55 əfv sərəncamı imzalanıb. Bu sərəncamlar 5683 nəfərə tətbiq olunub. Sonuncu əfv sərəncamı 2012-ci ilin dekabrın 26-da imzalanıb.

"Azpetrol" Şirkətlər Qrupunun Direktorlar Şurasının sabiq sədri Rafiq Əliyev də bu gün 6 saylı cəzaçəkmə müəssisəsindən azad olunub. R.Əliyev 2 saylı cəzaçəkmə müəssisəsinə gələrək qardaşı F.Əliyevi qarşılayıb. Orada jurnalistlərə açıqlama verən R. Əliyev onları əfv etdiyi üçün cənab Prezidentə təşəkkürünü bildirib.

Bu gün 9 saylı cəzaməkmə müəssisəsində daha 3 nəfər azadlığa buraxılıb.

17 saylı cəzaçəkmə müəssisəsində daha 6 nəfər əfv sərəncamına görə azadlığa buraxılıb.

Qeyd edək ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmət Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 14-də imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamın icrasına bu gün səhərdən başlayıb.

Əfv sərəncamı 153 nəfərə şamil olunub. Onlardan 134 nəfəri azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan, 1 nəfər islah işləri cəzasından, 16 nəfər isə cərimə cəzasından azad edilib.

Xatırladaq ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və "Azpetrol" Şirkətlər Qrupunun Direktorlar Şurasının sabiq sədri Rafiq Əliyev də əfv olunanlar sırasındadır.

Bundan başqa, əfv olunanlar arasında 4 İran, 2 Banqladeş, 1 Rusiya, 1 Özbəkistan, 1 Gürcüstan və 1 Nigeriya vətəndaşı da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti