Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyinin (SN) tabeliyində olan səhiyyə müəssisələrinə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbuluna dair növbəti imtahanların tarixləri müəyyənləşdirilib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, dövlət səhiyyə müəssisələrinə həkimlərin işə qəbulu məqsədi ilə mərkəzləşdirilmiş imtahanda iştirak etmək üçün 265 nəfər namizəd sənəd verib. İmtahanlar oktyabrın 22, 24, 29 və 31-də keçiriləcək. Müsabiqə iki mərhələdə keçirilir. Müsabiqənin ilk mərhələsində - test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab verirlər. Həmin sualların 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olub. Test imtahanı nazirlik tərəfindən keçiriləcək. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Bu mərhələ də Səhiyyə Nazirliyinin işə qəbulla bağlı yaradılan 7 nəfərlik komissiyası tərəfindən həyata keçiriləcək.
Dövlət səhiyyə müəssisələrində 2000-ə qədər vakanat həkim yeri var. Həmin yerlərin çoxu regionlardakı səhiyyə müəssisələrinin payına düşür. Bakıdakı dövlət səhiyyə müəssisələrindəki vakant həkim yerlərinin sayı isə 60-dan çoxdur.
Qeyd edək ki, həkimlərin işə qəbulu məqsədi ilə ilk müsabiqə apreldə keçirilib. Həmin müsabiqənin müsahibə mərhələsinin nəticələrinə əsasən, 34 həkim işə qəbul edilib. Onların 10-u Bakıdakı, 24-ü isə rayonlardakı səhiyyə müəssisələrində vakant yerlərə işə qəbul olunublar.