...

Səhiyyə Nazirliyi: Azərbaycanda qeysər üsulu ilə əməliyyatların aparılması zamanı sui-istifadə hallarına yol verilib

Cəmiyyət Materials 31 Oktyabr 2013 12:33 (UTC +04:00)
Azərbaycanda doğuş zamanı qeysər üsulu ilə əməliyyatların aparılması zamanı sui-istifadə hallarına yol verilib. Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə bildirib.
Səhiyyə Nazirliyi: Azərbaycanda qeysər üsulu ilə əməliyyatların aparılması zamanı sui-istifadə hallarına yol verilib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda doğuş zamanı qeysər üsulu ilə əməliyyatların aparılması zamanı sui-istifadə hallarına yol verilib. Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə bildirib.

E.Ağayevin sözlərinə görə, dünyada qəbul olunan standartlara əsasən, doğuşların təqribən 16 faizi qeysər üsulu vasitəsilə həyata keçirilir: "Ancaq Azərbaycanda əfsuslar olsun ki, artıq bundan bir qədər sui-istifadəyə başlanılmışdı. Bunu bir tərəfdən həkimlər edirdilər. Digər tərəfdən, doğuşa gələn qadınların özləri qeysər üsulu ilə əməliyyata daha çox üstünlük verirdilər. Ancaq tibbi göstəriş olduğu təqdirdə qeysər üsulu ilə əməliyyatın keçirilməsi barədə Milli Məclisin qəbul etdiyi mövcud qanunvericiliyə dəyişikliklər çox vaxtında atılan bir addımdır".

Nazir müavini qeyd edib ki, qanunsuz qeysər üsulu ilə əməliyyat aparan həkim və tibb müəssisələrinə qarşı cərimə sanksiyaları da müəyyən edilib.

Hazırda Azərbaycanda dövlət müəssisələri ilə yanaşı, özəl müəssisələrdə də qeysər üsulu ilə əməliyyatın keçirildiyini deyən E.Ağayev əlavə edib ki, hazırda Azərbaycanda özəl kabinetlər də daxil olmaqla, 500-ə qədər özəl tibbi müəssisələr var: "Söz yox ki, Səhiyyə Nazirliyi lazımı nəzarəti həyata keçirsə də, yayınma halları müşahidə edilir. Bu yeni qanunvericilik aktları bu problemlərin aradan qaldırılmasına kömək edəcək".

Qeyd edək ki, Milli Məclis "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna yeni dəyişikliklər qəbul edib. Həmin dəyişiklərə əsasən, qeysər üsulu ilə əməliyyatların həyata keçirilmişi üçün tibbi göstəriş olmalı və bu əməliyyatın həyata keçirilməsinə müvafiq orqan razılıq verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti