...

Şəmkirdə Dövlət Bayrağı Günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 12 Noyabr 2013 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Noyabrın 9-da Şəmkirdə Dövlət Bayrağı Günü münasibəti ilə bayram tədbiri keçrilib.

Şəmkir rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Şəmkir və Gədəbəy rayonları ictimaiyyətinin nümayəndələri, habelə Qarabağ müharibəsi şəhidlərinin, hərbçi ailələrinin uşaqları, Gəncə Uşaq Evi, Gəncə SOS Uşaq Kəndi, Qovlar şəhər qarışıq tipli orta internat məktəbində tərbiyə olunan uşaqlar iştirak ediblər.

Tədbir iştirakçıları Dövlət Bayrağı meydanı və burada yerləşən Bayraq Muzeyi, Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Onlara dövlət müstəqilliyimizin rəmzi olan dövlət atributları və onların tarixi haqqında geniş məlumat verilib.

Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən uğurlu milli dövlət quruculuğu siyasəti nəticəsində vətəndaşlarımızda dövlət rəmzlərinə hörmət hisslərinin aşılanması həmişə diqqət mərkəzində saxlanılır.
Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən üç rəngli bayrağımız ilk dəfə 1990-cı il noyabr ayının 17-də məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiq olunub, bir qədər sonra, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının rəsmi bayrağı elan edilib.

Ölkə başçısı İlham Əliyevin 2009-cu il noyabrın 17-də "Dövlət Bayrağı Günü"nün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən, hər il noyabr ayının 9-u ölkəmizdə "Dövlət Bayrağı Günü" kimi qeyd olunur. 2010-cu ilin sentyabr ayının 1-də Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli sərəncamına uyğun olaraq, Bakıda möhtəşəm Dövlət Bayrağı meydanı inşa olunub istifadəyə verildi və burada Ginnesin rekordlar kitabına düşmüş ən uca dirəkli bayraq dalğalanmaqdadır.

2013-cü ilin sentyabr ayında Şəmkirdə də Bayraq meydanı və Bayraq Muzeyi istifadəyə verilib. Şəmkirdə Bayraq meydanı ilə yanaşı son illər bir sıra müasir binalar, Heydər Əliyev Mərkəzi, əhalinin istirahətinin yüksək səviyyədə təşkilini təmin edən parklar, "Zəka" İntellektual Gənclər Mərkəzi, "Excelsior Hotel Shamkir" mehmanxanası tikilib istifadəyə verilib, Alman Lüteran Kilsəsi bərpa edilib. Aparılan abadlıq işlərinin davamı olaraq noyabrın 9-da Şəmkirdə 26 adda tanınmış brendi bir araya gətirmiş "West Gate" ("Qərb Qapısı") Ticarət Mərkəzi də istifadəyə verilib.

Bayram tədbirlərində iştirak edən Şəmkir və Gədəbəy rayonlarındakı aztəminatlı ailələrdən, hərbçı ailələrindən olan, habelə Gəncə Uşaq Evi, Gəncə SOS Uşaq Kəndi, Tovuz rayonundakı Qovlar şəhər qarışıq tipli orta internat məktəbində tərbiyə alan uşaqlara Heydər Əliyev Parkındakı və "Meqafun" Əyləncə Mərkəzindəki attraksionlardan pulsuz istifadə etmək imkanı da yaradılıb.

Dövlət Bayrağı Günü münasibəti ilə keçirilən bayram tədbiri musiqili bayram atəşfəşanlığı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti