...

Azay Quliyev: Azərbaycanda elə qeyri-hökumət təşkilatları var ki, onlar nə etdiklərini bilmirlər (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 20 Noyabr 2013 12:25 (UTC +04:00)
"Azərbaycanda elə qeyri-hökumət təşkilatları var ki, onlar nə etdiklərini bilmirlər. Həmin QHT-lərin əsas məqsədi qrant almaqdır. Bu, yolverilməzdir".
Azay Quliyev: Azərbaycanda elə qeyri-hökumət təşkilatları var ki, onlar nə etdiklərini bilmirlər (ƏLAVƏ OLUNUB)

Yeni fikirlər əlavə olunub (ilk xəbər 12:00-da yayılıb)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir E.Mehdiyev/

"Azərbaycanda elə qeyri-hökumət təşkilatları var ki, onlar nə etdiklərini bilmirlər. Həmin QHT-lərin əsas məqsədi qrant almaqdır. Bu, yolverilməzdir". Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bildirib.

A.Quliyev deyib ki, buna baxmayaraq, əvvəlki illərə nisbətən layihələrin yazılışında xeyli fərq var. Bunun da səbəbi həm Bakıda, həm də regionlarda QHT-lərə təlimlərin keçirilməsi olub.

Onun sözlərinə görə, hər bir dövlət qurumunun "Elektron hökumət" portalına qoşulması şəffaflığın artmasına səbəb olur: "Bu, işlərin daha şəffaf və çevik həyata keçirilməsinə şərait yaradır. Məlum olduğu kimi, artıq QHT-lərdən layihələr elektron formada qəbul edilir. Bundan sonra QHT-lərin layihələrinin ekspertizasının da elektron şəkildə həyata keçirilməsi planlaşdırılır. Bütün bunlar ona hesablanır ki, Şura ilə tərəfdaşları arasında əlaqələr minimuma endirilsin. Bununla da nəzəri cəhətdən mümkün ola biləcək neqativ halların qarşısı tamamilə alınmış olacaq".

A.Quliyev əlavə edib ki, bu işin mənimsənilməsində hələ də problemlər var: "Hələ də bəzi QHT-lər yeni texnoloji imkanlardan tam faydalana bilmirlər, bəzən problemlərlə rastlaşırlar. Bizə çoxlu sayda müraciətlər daxil olur ki, biz bu hesabatları hansı formada verək. Təbii ki, bununla bağlı bizim təlimatlarımız var və bunlar davamlı şəkildə həyata keçirilir".

A.Quliyev bildirib ki, təxminən bir ildən sonra QHT-lər tam şəkildə yeni qaydaları mənimsəyəcəklər və artıq sərbəst şəkildə istər maliyyə hesabatı, istər təsviri hesabat, istər layihələrin təqdimatı, istərsə də ekspertizanın təşkili ilə bağlı bütün problemlər tam şəkildə aradan qalxacaq, QHT-lər tam sərbəst şəkildə bu imkanlardan faydalana biləcəklər.

Şura sədri onu da qeyd edib ki, QHT-lərdə belə bir rəy yaranır ki, QHT-lərə Dövlət Dəstəyi Şurası milli donordur və hesabatları gecikdirə, onun keyfiyyətinə əməl etməyə bilərlər: "Bu hal əsasən özünü vaxtında maliyyə və təsviri hesabatların verilməməsində göstərir. Müqavilə öhdəliyində olan bir çox məsələlərə bəzən əməl olunmur. Bununla bağlı biz QHT-lərə dəfələrlə xəbərdarlıq etməli oluruq".

A.Quliyev vurğulayıb ki, əgər bu xəbərdarlıqlar nəticə verməsə, onlarla bağlı konkret qərar qəbul ediləcək: "Bu cür QHT-lər iki il müddətində elan etdiyimiz müsabiqədə iştirak hüququndan məhrum ediləcəklər. Artıq QHT-lərin hesabat dövrü başa çatır. Vaxtında hesabatı təqdim etməyən QHT-lərlə də bundan sonrakı əməkdaşlıq məsələsinə Şura yenidən baxmalı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti