...

Elşad İskəndərov: Hər hansı zorakılığı hüquqi sayan düşüncə tolerantlıq modelinə qarşı böyük təhlükədir

Cəmiyyət Materials 25 Noyabr 2013 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İ.İzzət/

"Bakı şəhəri Yasamal rayonundakı "Məşədi Dadaş" məscidinin partladılmasına, o cümlədən məscidin axundu Şahin Həsənova qarşı sui-qəsdə cəhdlə bağlı hələlik istintaq gedir. İstintaqın davamını gözləməliyik. Ümumilikdə, bu, çox xoşagəlməz haldır". Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.

E.İskəndərov bildirib ki, təkfirçi, hər hansı zorakılığı hüquqi sayan düşüncə tolerantlıq modelinə qarşı, eyni zamanda, Azərbaycanda mövcud olan müsbət tendesiyalara qarşı böyük təhlükədir. Bu təhlükə dünyada da öz təzahürünü tapır: "Ona görə də istər ideoloji müstəvidə, istərsə də maarifləndirmə sahəsində bu istiqamətdə bütün qabaqlayıcı tədbirlər həyata keçirilməlidir ki, belə xoşagəlməz hallar Azərbaycanda kök sala bilməsin".

Azərbaycanda radikal dini cərəyanların fəaliyyətinin qadağan edilməsi barədə səslənən fikirlərə də münasibət bildirən E.İskəndərov qeyd edib ki, belə bir mexanizm Azərbaycanda mövcuddur: "Radikal mövqedə duran və yaxud da dini, milli və irqi zəmində aşağılayıcı dünyagörüşü yayan cərəyanlar dövlət qeydiyyatına alınmır. Dövlət qeydiyyatında olmayan dini icmaların fəaliyyəti isə mümkün deyil".

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasında insanların həlak olması məqsədilə terrorçuluq hərəkətlərinin törədilməsinə yönəlmiş hazırlığa və qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları - Mirzəyev Nəriman Xosrov oğlu və Rüstəmov Mirzəhməd Şakir oğlu şübhəli şəxs qismində tutulublar.

Məlum olub ki, Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə partlayışların törədilməsi barədə öz aralarında razılığa gəliblər. Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri bu məqsədlə hazırda istintaqla araşdırılan yerdən və mənbədən xeyli sayda odlu silah və döyüş sursatı əldə edib, saxlayıb, daşıyıb və gəzdiriblər. Onlar Bakı şəhəri Yasamal rayonundakı "Məşədi Dadaş" məscidinin partladılması ücün dini ibadətgah ətrafında müşahidələr aparıblar. Həmçinin Nəriman Mirzəyev cinayətin törədilməsindən sonra hüquq mühafizə orqanlarının təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün Mirzəhməd Rüstəmova Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc yerlərinin düzəldilməsini tapşırıb.

Hazırlıq işlərini yekunlaşdırdıqdan sonra, öz ətraflarında həmfikir toplamaq üçün Nəriman Mirzəyev İnternetdə "facebook" sosial şəbəkəsində "cihada başlamaq", o cümlədən axund Şahin Həsənovu qətlə yetirmək kimi çağırışlar edib. Lakin onlar öz iradələrindən asılı olmayan səbəblərdən planlaşdırdıqları cinayəti başa çatdıra bilməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti