Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İ.İzzət/
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda göstərilən 12 illik təhsilə keçid mütərəqqi olsa da, asan məsələ deyil. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində təhsil işçiləri üçün keçirilən "dəyirmi masa"da bildirib.
Onun sözlərinə görə, bu gün çoxları dərs yükünün ağır olmasından şikayətlənir. Ona görə də 12 illik təhsilə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək: "Əlavə 1 ilin hansı təhsil səviyyəsinin uzadılmasına verilməsi vacibdir və burada müxtəlif fikirlər səslənə bilər. Həmin bir ilin ibtidai, yoxsa V-XI siniflərə verilməsi dəqiq məlum deyil. Mənim fikrimcə, bu, orta hissəyə verilsə, daha yaxşı olar. Çünki icbari təhsil ölkədə 9 illikdir. Əgər bu pillə 1 il artırılsa, uşaqlar icbari təhsil dövründə həmin fənlər üzrə daha yüksək biliyə malik ola bilərlər".
Şöbə müdiri qeyd edib ki, əlavə bir ilin təhsil sisteminə gətirilməsi üçün proqramlar dəyişməli, keçid təmin olunmalıdır: "Eyni zamanda, mövcud kurrikulumlar 12 illik təhsil sisteminə uyğunlaşdırılmalıdır".