...

Azərbaycanda 156 həkim işə müsabiqə ilə qəbul edilib

Cəmiyyət Materials 29 Dekabr 2013 12:22 (UTC +04:00)
Cari ilin aprel ayından başlayaraq həkimlərin içə qəbulu üzrə keçirilmiş 3 imtahan nəticəsində 156 həkim mərkəzləşdirilmiş qaydada işə qəbul olunub.
Azərbaycanda 156 həkim işə müsabiqə ilə qəbul edilib

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Cari ilin aprel ayından başlayaraq həkimlərin işə qəbulu üzrə keçirilmiş 3 imtahan nəticəsində 156 həkim mərkəzləşdirilmiş qaydada işə qəbul olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu kollegiya iclasında Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

Onun sözlərinə görə, son 10 il ərzində doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,9-dan 18,6-a qalxmış, ölüm isə 6,0-dan 5,9-ə düşüb. Təbii artım 7,9-dan 12,7-dək yüksəlib ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.

Son 10 il ərzində ümumilikdə 500-ə yaxın səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılmışdır. Onlardan təxminən 70%-i regionların payına düşür.

Təkcə 2013-cü il ərzində 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bunlardan 43-ü Bakı şəhərində, 38-i isə regionlarda yerləşən səhiyyə müəssisələridir. 56 tibb müəssisəsində (33-ü - Bakı, 23-ü - rayon) təmir işləri başa çatdırılıb və istifadəyə verilib.

Bundan əlavə, ən müasir səviyyədə inşa və təchiz edilmiş Bakı Sağlamlıq Mərkəzi də yaxın günlərdə istifadəyə veriləcək.

H.Poladov deyib ki, hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 30, o cümlədən regionlarda 23 mərkəzdə 2300-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Təkcə 2013-cü ildə 9 yeni hemodializ mərkəzi açılmış və onlarda 102 dializ aparatı quraşdırılıb. Beləliklə bu müalicəni almaq üçün pasiyentlərin növbə gözləmək problemi aradan qaldırılıb. Eyni zamanda onların yaşadıqları əraziyə yaxın mərkəzdə bu seansların alınması problemi də demək olar ki, həll olunub.

Bu xəstələrin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatlarının sayı da artıb. 2013-cü ildə respublikada 60, o cümlədən dövlət xəstəxanalarında 57 belə əməliyyat icra olunub.

Nazirlik rəsmisi bildirib ki, qəbul olunmuş dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sayəsində talassemiya və hemofiliyalı xəstələrin ömür müddəti uzadılıb. Son 10 ildə talassemiyadan ölüm göstəricisi 5, hemofiliyadan isə təxminən 2 dəfə azalıb.

Onun sözlərinə görə, əvvəllər respublikada həyata keçirilməyən sümük iliyinin transplantasiya əməliyyatlarının aparılması üçün Respublika Talassemiya Mərkəzində hazırlıq işləri tamamlanmaq üzrədir. 2014-cü ilin ilk aylarında bu əməliyyatların başlanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti