Azərbaycan, Bakı, 17 yanvar /Trend/
Bu gün Memarlıq və İnşaat Universitetində 20 Yanvar şəhidləri anılıb.
Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimində çıxış edən Universitetin rektoru Gülçöhrə Məmmədova deyib ki, bu gün Azərbaycan xalqının tarixinə milli qürur günü kimi yalzılıb: "20 yanvar Memarlıq və İnşaat Universitetinin tarixinə də qara hərflərlə həkk olunub. Ancaq Vətən uğrunda şəhid olan tələbələrimiz qürur yerimiz oldu. O gün Universitetin 4 tələbəsi öz qanı ilə Azərbaycanın müstəqilliyini tarixə yazan Vətən övladları sırasında oldu. AzMİU-nun tələbələri Fuad Babayev, Ələsgər Qayıbov, Mehman Muradov və Bayram Əliyev 20 Yanvar günü canlarını Vətən yolunda qurban verdilər".
Rektor gənclərə üzünü tutaraq deyib ki, bu mərasimin hər il keçirilməsi vacibdir, məqsəd isə bu hadisəni dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və 20 Yanvar faciəsinə hüquqi qiymət verilməsinə nail olmaqdır.
Tədbirdə çıxış edən tələbə gənclər xalqımızın belə övladları ilə daim qürur duyacaqlarını söyləyiblər.
O da vurğulanıb ki,1990-cı ilin qanlı yanvarında respublikamızın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladları özlərinin fədakarlığı ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazıblar.
Tədbirin sonunda Universitetin foyesindəki xatirə guşəsinin önünə tər qərənfil dəstələri qoyulub. Vətənin azadlığı və suverenliyi uğrunda həlak olmuş bütün şəhidlərimizə ulu tanrıdan rəhmət dilənib.