...

“CF” və “KRİSTAL” kolbasalarının halal olmadığı aşkar edildi

Cəmiyyət Materials 23 Yanvar 2014 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycanda istehlakçıların çaşdırılması hallarının qarşısı alınıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Orxan SS" İstehsal-Kommersiya Firmasına məxsus Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi, ev 2B ünvanında yerləşən istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müəssisə tərəfindən istehsal olunan "CF" və "KRİSTAL" əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı "Baranina", "Krakovskaya", "Servelat Xəzər", "Kristal Həvəskar", "Ukrainskaya kopçennaya" kolbasalarının və "Təndir" sosiskasının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu müəyyən edilmişdir.

Bundan başqa, "Ukrainskaya kopçennaya" kolbasasının resepturasında və etiketində məhsulun tərkibində donuz ətinin olduğu göstərildiyi halda, həmin məhsulun etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi, "Servelat" kolbasasının resepturasında məhsulun tərkibində donuz əti və donuz piyi nəzərdə tutulduğu halda, məhsulun etiketində bu məlumatın gizlədildiyi aşkar edilmişdir.

Eyni zamanda, "Baranina", "Kristal Həvəskar", "Servelat Xəzər", "Doktorskaya", "Krakovskaya", "Oxotniciye", "Pəhriz", "Servelat" və "Solyami" kolbasaları və "Təndir" sosiskalarının istehsalında camış ətindən istifadə edildiyi halda, məhsulun mal ətindən istehsal edildiyi barədə yalnış məlumatların verildiyi müəyyən edilmişdir.

Qanun pozuntusuna yol vermiş "Orxan SS" İstehsal-Kommersiya Firması barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti