Azərbaycan, Bakı, 26 yanvar /Trend/
Bakıda keçiriləcək II "Global Shared Societies" Forumuna hazırlıq məqsədilə Yunanıstanın paytaxtı Afina şəhərində 19-21 fevral 2014-cü il tarixində təşkil olunacaq "II High Level Meeting" (Yüksək Səviyyəli Görüş) öz ətrafında dünya liderlərini toplamaqda davam edir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Trend-ə verilən məlumata görə, belə ki, forumun işində Latviyanın sabiq prezidentləri xanım Vayra Vike-Freyberqa və Valdis Zatlers, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Albaniyanın sabiq Prezidenti Rexhep Meidani, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Gürcüstan Universitetinin sədri xanım Giuli Alasania, İsveçrə Prezidentinin müşaviri səfir Valter Füst, Yunanıstanın sabiq Baş naziri George Papandreous, sabiq xarici işlər naziri Dora Bakoyannis və bir sıra digər liderlərin iştirakı nəzərdə tutulub.
Ali toplantı YUNESKO-nun xoşməramlı səfiri xanım Marianna V.Vardinoyannisin himayəsi və İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Dünya Elmlər və Mədəniyyət Akademiyası tərəfindən təşkil olunur.