...

Azərbaycanda "Avro-4" standartlarına keçidlə əlaqədar ətraf mühitin qorunması üçün inzibati cəzalar sərtləşdirilə bilər

Cəmiyyət Materials 27 Yanvar 2014 11:30 (UTC +04:00)
Aprelin 1-dən etibarən "Avro-4" standartlarına keçidlə əlaqədar ətraf mühitin qorunması, eləcə də hüquqi tənzimləmə ilə bağlı hər hansı qanun layihəsi müzakirə edilməsə də, ekologiyanın korlanmasına və bununla bağlı mövcud qanunvericiliyin tələblərinin pozulmasına görə inzibati cəzaların sərtləşdirilməsi istisna olunmur.
Azərbaycanda "Avro-4" standartlarına keçidlə əlaqədar ətraf mühitin qorunması üçün inzibati cəzalar sərtləşdirilə bilər

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İ.İzzət/

Aprelin 1-dən etibarən "Avro-4" standartlarına keçidlə əlaqədar ətraf mühitin qorunması, eləcə də hüquqi tənzimləmə ilə bağlı hər hansı qanun layihəsi müzakirə edilməsə də, ekologiyanın korlanmasına və bununla bağlı mövcud qanunvericiliyin tələblərinin pozulmasına görə inzibati cəzaların sərtləşdirilməsi istisna olunmur. Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda yollarda vəziyyətin tənzimlənməsi və qəzaların qarşısının alınması istiqamətində bir sıra islahatlar aparılıb və onların müəyyən səmərəsi olub: "Məsələn, nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçməsi ilə bağlı dəyişiklik çox müsbət addım idi. Çünki məntiqə də sığmırdı ki, təzə maşını necə hər il texniki baxışdan keçirmək olar? Elə ölkələr var ki, bu məsələdə daha da qabağa gedərək ümumiyyətlə, dövlət texniki baxışını ləğv ediblər. Bu iş orada əsasən şirkətlər səviyyəsində həyata keçirilir. Hər halda vətəndaş bunu dövlət orqanından daha çox istəyir. Bunu lisenziya yolu ilə istənilən bir yerdə həyata keçirmək olur".

Buna baxmayaraq, respublika yollarında baş verən qəzaların və nəticədə ölən və xəsarət alanların sayının artdığını deyən millət vəkilinin fikrincə, bu problemin həllində təkcə cəza sanksiyalarının sərtləşdirilməsi çıxış yolu deyil. Parlament komitəsinin sədri hətta bu məsələdə bədbin olduğunu da gizlətməyib: "Mənim yollardakı qəzalarla bağlı proqnozum çox pessimistdir. Əvvəla, hesab edirəm ki, bu sanksiyalar heç nəyin qarşısını almayacaq. Fikrimi daha dəqiq söyləyərək deyim ki, yoldakı həm sürücülərin, həm sərnişinlərin davranışı kollektiv mədəni münasibətdir. Hər iki tərəf hətta qanuna riayət edib hüquqi mədəniyyət çərçivəsində davransalar belə, o münasibətləri həyata keçirmək üçün şərait lazımdır. Mənim fikrim belədir ki, o münasibəti həyata keçirmək üçün şərait də yoxdur. Yəni əsas səbəb yollarımızın bu cür quruluşudur. Burada söhbət heç də asfalt örtüyündən yox, idarəetmə mexanizmindən gedir".

Ə.Hüseynli hesab edir ki, digər komponent isə qeyri-mədəni davranış nəticəsində baş verən acınacaqlı vəziyyətdir: "Məhz buna görə ictimai müzakirələrin heç bir nəticəsi olmur. Bəli, ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət var, yeni yollar çəkilir, genişləndirilir, müasir infrastruktur qurulur, amma bütün bunların fonunda belə acınacaqlı hadisələr baş verir. Deməli, bu problemə tamam başqa aspektdən yanaşmaq lazımdır. Lakin hələ ki o yanaşmanı görmürəm. Ona görə də bu məsələdə pessimistəm. Yəqin ki, hələ bəlkə uzun illər bu şəraitdə yaşamalı olacağıq. Çünki bir neçə ildir mətbuat bu məsələni diqqətdə saxlayır, hər gün bununla bağlı müzakirələr aparılır, hər gün ağır nəticəli hadisələrlə bağlı xəbərlər verilir, lakin acınacaqlı hal davam edir".

Ə.Hüseynli deyib ki, vəziyyəti aradan qaldırmaq, düzgün idarəetməni və mədəni mühiti yaratmaq çox ağır işdir: "Əgər bilmək istəyirsinizsə, Dövlət Yol Polisi İdarəsi də bu işdə acizdir. Lakin onların da iştirakı olmasa, vəziyyət ümumiyyətlə, acınacaqlı olar. Bəzi ölkələrdə yollarda dövlət yol polisinin müdaxiləsi ona görə olmur ki, buna ehtiyac qalmır. Bizdə isə mövcud vəziyyətdə hələ ki, yol polisi olmadan keçinmək mümkün deyil. Burada mətbuat, cəmiyyət problemə başqa nöqtədən baxmalıdır. Ümumiyyətlə, hər şeyi dəyişmək lazımdır, ictimai davranış mədəniyyəti tamamilə dəyişməlidir. Tənqid olaraq bunu deyə bilərəm ki, Azərbaycanda evdə yox, çöldəki ümumi ictimai davranış vəziyyəti çox acınacaqlıdır. O, bizim başqa uğurlarımızla heç cür uyğun gəlmir. Hətta hazırkı vəziyyət 20 il bundan əvvəlkindən də qat-qat geri qalır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti