Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/
Ötən il ölkənin hərbi prokurorluq orqanları korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək, bu xarakterli faktlar üzrə 64 şəxs barəsində 55 cinayət işinin istintaqını tamamlayaraq aidiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndərib. Trend xəbər verir ki, bu barədə bu gün Hərbi Prokurorluğun kollegiya iclasında baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.
X.Vəliyev deyib ki, Hərbi Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə həmin Xidmətin idarə, şöbə və bölmələrində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəylərinə əsasən çağırışdan qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı Göyçay, Daşkəsən və Saatlı rayon şöbələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci, 311.3.2-ci və 313-cü maddələri ilə cinayət işi başlanıb, cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib.
O, həmçinin qeyd edib ki, 2013-cü ildə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissələrinin sabiq maliyyə xidməti rəisləri Rüstəmov İlqar Faiq oğlunun, Əliyev Zaur Bayram oğlunun, Nəzərov Şahmar Məmməd oğlunun, Salamov Məmməd Akif oğlunun, Əliyev Rauf Əsgər oğlunun, Sadıqov Aydın Fəxrəddin oğlunun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci, 313-cü və 326.1-ci maddələri ilə cinayət işi başlanıb.