...

Ramiz Rzayev: Avropa İnsan Hüquqları Məhkəməsinə 2013-cü ildə Azərbaycan dövlətinə qarşı 325 şikayət daxil olub

Cəmiyyət Materials 6 Fevral 2014 15:09 (UTC +04:00)
Avropa İnsan Hüquqları Məhkəməsinə 2013-cü ildə Azərbaycan dövlətinə qarşı 325 şikayət daxil olub. Trend-in məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev AzərTAc-a müsahibəsində deyib.
Ramiz Rzayev: Avropa İnsan Hüquqları Məhkəməsinə 2013-cü ildə Azərbaycan dövlətinə qarşı 325 şikayət daxil olub

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İzzət/

Avropa İnsan Hüquqları Məhkəməsinə 2013-cü ildə Azərbaycan dövlətinə qarşı 325 şikayət daxil olub. Trend-in məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev AzərTAc-a müsahibəsində deyib.

Ali Məhkəmə sədrinin sözlərinə görə, 2000-ci illərdə Avropa İnsan Hüquqları Məhkəməsinin iş yükü kəskin dərəcədə artıb. Buna səbəb keçmiş sovet blokuna daxil olan ölkələrin Avropa Şurasına üzv qəbul olunması və nəticə etibarilə Məhkəmənin yurisdiksiyasının genişlənməsidir. Əgər 1959-1998-ci illərdə, yəni 30 il ərzində Məhkəmə mahiyyəti üzrə cəmi 837 qərar çıxarmışdısa, təkcə 2009-cu ildə bu rəqəm 1625-ə yüksəlib.

Digər statistik göstəriciyə nəzər yetirsək, 2009-cu ildə Məhkəmə baxdığı 35 460 işdən 2393-nə mahiyyəti üzrə baxaraq 1 625 qərar çıxarmışdısa, 2013-cü ildə baxdığı 93 396 işdən 3 659-na mahiyyəti üzrə baxaraq 916 qərar çıxarıb. Bu da son illər aparılan Məhkəmənin iş yükünün azalmasına və qərarların keyfiyyətinin yüksəlməsinə yönələn islahatların nəticəsi olaraq mümkün olub. Bu islahatların əsasını şikayətlərin qəbul olunub-olunmamasına dair ilkin mərhələdə baxılma prosedurunun sadələşdirilməsi və eyni hüquqi məsələlərə toxunan bəzi şikayətlərin qruplaşdırılmış şəkildə baxılması təşkil edir.

O, qeyd edib ki, bu ildən etibarən Ali Məhkəmənin hakimləri və bu sahədə ekspertlər tərəfindən mütəmadi olaraq apellyasiya və birinci instansiya məhkəmələri hakimlərinə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsinə dair müvafiq mövzular üzrə məşğələlərin keçirilməsi nəzərdə tutulur.

Ali Məhkəmənin sədrinin sözlərinə görə, hazırda Strasburq Məhkəməsində təqribən 100 minə yaxın iş icraatdadır: "Bu şikayətlərin yarısından çoxu cəmi 4 ölkənin payına düşür: Rusiya, İtaliya, Ukrayna və Serbiya. Məhkəmənin 2013-cü ilə olan rəsmi statistik məlumatlarına nəzər yetirsək, görərik ki, Avropada dövlətlər var ki, onlar tərəfindən 119, 118, 83, 65 qərarda Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən pozuntu aşkar olunub. Əhalisi ölkəmizin əhalisinin sayı ilə təqribən eyni olan Avropa dövlətləri ilə müqayisə etsək, belə dövlətlərə qarşı 2013-cü ildə 5 061, 1 209, 990, 726 şikayət daxil olan halda, Azərbaycan dövlətinə qarşı cəmi 325 şikayət daxil olub. Belə ki, bu işlərə baxılan zaman yuxarıda qeyd olunan müxtəlif dövlətlər tərəfindən keçən il 40, 32, 25, 22 qərarda Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Konvensiyanın ayrı-ayrı müddəalarının pozuntusu aşkar olunub".

R.Rzayev bildirib ki, Azərbaycan dövləti tərəfindən cəmi 8 qərarda pozuntu müəyyən edilib. Ümumiyyətlə, çıxarılmış 8 qərardan altısında Konvensiyanın 3-cü, 6-cı maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi və digər maddələri ilə pozuntu aşkar olunub. Bu qərarların ikisində pozuntu məhkəmə qərarlarının icra olunmamasından ibarət olub.

O, həmçinin əlavə edib ki, 2012-ci illə müqayisədə daha az pozuntu qeydə alınıb: "Təbii ki, biz bununla arxayınlaşmamalıyıq ki, 2013-cü ildə göstəricimiz nəzərəçarpaçaq dərəcədə yaxşılaşıb və mütəmadi olaraq qanunlarımızı və məhkəmə təcrübəmizi təkmilləşdirərək Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğunlaşdırmalıyıq. Ali məqsədimiz qanunun aliliyini, insanların və vətəndaşlarımızın hüquq və azadlıqlarının məhkəmə qaydasında daha da səmərəli müdafiə olunmasını təmin etməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti