Azərbaycan, Bakı, 17 mart /Trend/
Azərbaycan Mərkəzi Bankı, Təhsil Nazirliyi və Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən "Qlobal Pul Həftəsi" çərçivəsində Bakı şəhərinin orta ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil edilən maliyyə-bank mövzusunda rəsm və əl işləri sərgisi başa çatıb.
Bankdan Trend-ə verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə qeyd edilib ki, uşaq və gənclərin maliyyə savadlığının artırılması bank-maliyyə sektorunun inkişafında mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə uşaqlar pul resursları ilə davranışlarını və pula yanaşmasını artıq erkən yaşlarında mənimsəməlidirlər. Son illərdə uşaqlar və geniş əhali arasında maliyyə və sosial təhsil imkanlarının artırılması, məktəblilərə maliyyənin idarəedilməsi, vəsait yığımı, pulun düzgün planlaşdırılması və xərclənməsinə dair lazımi bilik və bacarıqların aşılanmasına xüsusi diqqət yetirilir.
Tədbirinin sonunda sərgi müsabiqəsində qalib gəlmiş məktəblilərə diplomlar və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, 10-17 mart tarixləri maliyyə savadlığı və maliyyə təhsilinin əhəmiyyətindən xəbər verən "Qlobal Pul Həftəsi" kimi bir çox ölkələrdə qeyd olunur.
Mərkəzi Bank tərəfindən maliyyə savadlılığı layihəsi çərçivəsində mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.