...

Azərbaycana qar yağır, şimal bölgəsində qarın qalınlığı 22 santimetrə çatıb (ƏLAVƏ OLUNUB-2)

Cəmiyyət Materials 30 Mart 2014 11:42 (UTC +04:00)
Gecə saatlarından etibarən Azərbaycan ərazisində qar yağmağa başlayıb.
Azərbaycana qar yağır, şimal bölgəsində qarın qalınlığı 22 santimetrə çatıb (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:41-də yayılıb)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Gecə saatlarından etibarən Azərbaycan ərazisində qar yağmağa başlayıb.

Trend-in məlumatına görə, ən çox qar Quba rayonunun Xınalıq kəndinə yağıb. Burada qarın qalınlığı 22 santimetrdir. Qusarın dağlıq Ləzə kəndinə isə 15 sm qalınlığında qar yağıb.

Şimal bölgəsində havanın temperaturu 10 dərəcəyədək aşağı düşüb. Qusarda 6, Qubada 5, dağlıq ərazilərdə isə 6-11 dərəcə şaxta var.

Həmçinin, gecə saatlarından Gəncə şəhərinə yağan qar artıq yerdə oturmağa başlayıb və hazırda davam edir. Buna baxmayaraq, şəhərə elektrik enerjisi və təbii qazın verilişində heç bir fasilə qeydə alınmayıb.

Tovuz, Gədəbəy və Daşkəsən rayonlarına da 10-15 santimetr qar düşüb.

Hazırda Abşeron yarımadasının bəzi yerlərində sulu qar yağır. Bakıda güclü şimal-qərb küləyi əsir.

Trend Kanal S-ə istinadən məlumat verir ki, Şəkidə də hava şəraiti kəskin dəyişib. Axşam saatlarında güclü küləklə müşahidə olunan yağış yağmağa başlayıb. Səhər saatlarından isə yağış tədricən sulu qar və qara çevrilib. Yağan qarın qalınlığı 2-3 sm-dir, dağlıq ərazilərdə isə 6-7 sm-ə çatıb. Bölgədə havanın hərarəti 11 dərəcə aşağı düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun Şəki filialından verilən məlumata əsasən, havanın temperaturu Şəkidə hazırda mənfi 2 dərəcə təşkil edir. Havanın kəskin dəyişməsi ilə əlaqədar olaraq şəhərdə və bəzi kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb, aparılan təmir işlərindən sonra bəzi ərazilərə elektrik enerjisinin verilişi bərpa olunub, digər ərazilərə isə enerjinin verilməsi üçün işlər davam etdirilir.

Qax rayonunda da qeyri sabit, qarlı hava müşahidə olunur. Şəhər ərazisində qarın qalınlığı 2-3 sm, ucqar yaşayış məntəqələrindən olan İlisu, Qaşqaçay və Sarıbaş kəndlərində 7-8 sm-ə çatıb.

Səhər saatlarından başlayaraq Zaqatala və Balakəndə də küləklə müşayiət olunan qar yağır. Zaqatala ərazisində qarın qalınlığı 5-6 sm, ucqar kəndlərdə isə 7-8 sm-ə çatıb. Qax və Zaqatalada da havanın kəskin dəyişməsi ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində fasilələr yaranıb, hazırda adıçəkilən şəhərlərin müəyyən hissələrində və bəzi kəndlərdə elektrik enerjisi yoxdur.

Qeyd edək ki, gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti pisləşib. Martın 30-da gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, qısamüddətli yağıntılı olacağı gözlənilir. Gecə saatlarında yağışın bəzi ərazilərdə sulu qara keçəcəyi istisna olunmur. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru isə küləyin səngiyəcəyi gözlənilir. Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq.

Martın 30-da Azərbaycanın bölgələrində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanda qısa müddət davam edəcək anomal soyuq hava şəraitindən sonra martın 31-dən yenidən temperatur tədricən yüksəlməyə və iqlim normasına yaxınlaşmağa başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti