...

Azərbaycanda subay insanlar sonsuzluqdan əziyyət çəkənlər üçün donor ola bilməyəcəklər

Cəmiyyət Materials 1 May 2014 12:09 (UTC +04:00)
Azərbaycanda subay qadın və kişilər ekstrakorporal mayalanma zamanı istifadə edilən reproduktiv hüceyrələr üçün donor ola bilməzlər.
Azərbaycanda subay insanlar sonsuzluqdan əziyyət çəkənlər üçün donor ola bilməyəcəklər

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda subay qadın və kişilər ekstrakorporal mayalanma zamanı istifadə edilən reproduktiv hüceyrələr üçün donor ola bilməzlər.

Milli Məclisdən Trend-ə bildirilib ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinə görə, somatik və psixi cəhətdən sağlam, ailəli, azı bir uşağı olan, yaşı 35-dək olan kişilər və qadınlar müvafiq tibbi və genetik müayinədən keçdikdən sonra mayalanma xüsusiyyətinə malik reproduktiv hüceyrələrin donoru ola bilərlər.

Nikahda olan şəxs yalnız arvadının, yaxud ərinin yazılı razılığı ilə donor olmalıdır. Bir şəxs yalnız beş ailə üçün donor ola bilər.

Reproduktiv hüceyrələr üçün donorluq ödənişli və ya pulsuz əsaslarla donorun (donorların) yazılı məlumatlandırılmış könüllü razılığına əsasən həyata keçirilir.

Qanun layihəsinə əsasən, on ildən çox müddətdə sonsuzluqdan əziyyət çəkən və sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrə ekstrakorporal mayalanma və embrionun köçürülməsi dövlət büdcəsinin vəsaiti hesabına bir dəfə ödənişsiz həyata keçiriləcək. Süni mayalanma etdirmək istəyən sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, hazırda "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi Milli Məclisin Sosial siyasət komitəsində müzakirə edilir. Bu layihənin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti