Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İzzət/
Qaçqın və məcburi köçkün gənclərin xalqı və torpağı qoruma peşəsinə - hərbi peşəyə yiyələnməsi onlar üçün ikiqat şərəfli yol, şərəfli peşə olmaldır. Qaçqın və məcburi köçkün gənclər ilk növbədə torpaqlarımızın işğal altında olduğu, ölkəmizin ərazi bütövlüyünün təmin edilmədiyi vəziyyətdə mənəvi məsuliyyətlərini dərk etməlidirlər. Trend xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "Ulu öndər Heydər Əliyev - qaçqın və məcburi köçkün gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, həmçinin Ali Hərbi Məktəbə, Hərbi Liseyə qəbul" mövzusunda keçirilmiş konfransda deyib.
Çıxışında ümummilli lider Heydər Əliyevin fikirlərinə istinad edən Arzu Rəhimov bildirib ki, ən vacib, dəyərli peşə milləti, xalqı qoruma peşəsi, yəni hərbi peşədir. Ona görə də, Dövlət Xidmətinin rəisi Azərbaycan gənclərini bu şərəfli yolu seçməyə dəvət edib: "Mən məmnunam ki, Azərbaycan gənclərinin bu peşəyə marağı ilbəil artır. Özünü bu peşəyə həsr edən hər bir Azərbaycan gənci bütün gənclərdən yüksəkdə durur, bütün gənclərdən qiymətlidir".
Onun fikrincə, hərbi təhsil alıb xalqa xidmət etmək yolunu tutmuş şəxslər sağlam mənəviyyatlı, dövlətə, millətə sadiq olmalıdır: "Gənclərin, qaçqın və köçkün gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında rəhbər tutulmalı olan prinsip məhz sağlam mənəviyyatdır. Bu mənəviyyatın formalaşması, hərbi təhsilə marağın daha da artırılması öz əsasını orta təhsil müəssisələrindən götürür. Bunun üçün orta məktəblərdə çağırışaqədərki hərbi hazırlıq dərsləri təkmilləşdirilməli, kənd müəllimləri ixtisaslı kadrların arasından seçilməli və onların təkimilləşdirilməsi daim diqqətdə saxlanmalıdır. Hazırda Dövlət Xidməti bu istiqamətdə müvafiq tədbirlər həyata keçirir".
A.Rəhimov qeyd edib ki, təkcə orta məktəblərdə aparılan iş gənclərin hərbi təhsilə marağının artırılması üçün kifayət edə bilməz. Bu işdə valideynlərin, eləcə də cəmiyyətin də üzərinə böyük məsuliyyət düşür: "Orta məktəbdə hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunan gənc ailəsində, onu əhatə edən mühitdə də hərbi peşəyə üstün münasibəti hiss etməli, duymalı, valideynləri də onları bu seçimə istiqamətləndirməlidirlər. Çox təəssüf hissi ilə qeyd etməliyəm ki, bəzən biz bunun əksi olan hallarla rastlaşırıq. Belə halların qarşısının alınması üçün valideynlər arasında da təbliğat işlərinin aparılması qarşıda duran vəzifələrdəndir".
Dövlət Xidmətinin rəisi bildirib ki, müasir dövrdə hərbi təhsilə marağı yalnız vətəpərvərlik hisslərinin aşılanması ilə məhdudlaşdırmaq olmaz. Gənclərin diqqətinə bu peşənin üstünlükləri də çatdırılmalıdır: "Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf konsepsiyası ölkəmizin hərbi qüdrətinin artmasına, hərbi qulluqçuların sosial rifahının yüksəlməsinə də öz təsrini göstərir. Ali Baş Komandan cənab İlham Əliyev hərbi qulluqçuların sosial müdafiəsini daim diqqət mərkəzində saxlayıb, onlara göstərilən dövlət qayğısını artırır. Bu kimi faktlar gənclərə izah olunmalı, hərbi peşənin onlara verdiyi üstünlüklər, imtiyazlar diqqətə çatdırılmalıdır".