Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 4-də Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanı keçirəcək.
Trend Komissiyanın rəsmi saytına istinadən bildirir ki, ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələri müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirmək məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.
İmtahanda iştirak üçün 1972 nəfər qeydiyyatdan keçib. Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunacaq. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt veriləcək. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.
İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.