Azərbaycan, Bakı, 6 may /Trend, müxbir R.Hafizoğlu/
Türkiyədə uşaqlara qarşı cinsi istismara qarşı cəzalar sərtləşdirilir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı xəbər verib.
Məlumata əsəsən, uşaqlara qarşı cinsi istismara görə həbs cəzası ağırlaşdırılmış şəkildə 39 il olacaq.
Yaxın günlərdə bu qanun layihəsinin Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu uşaqlara qarşı cinsi istismarın cəzası olaraq ölüm hökmünün bərpa ediləcəyini bildirib.
Ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Avropa İttifaqı qarşısında götürülən öhdəlik Türkiyəyə ölüm cəzasını bərpa etməyə imkan vermir.
Türkiyədə ölüm cəzası 2004-cü ildə Aİ-yə daxil olmaq üzrə keçirilən islahatlar çərçivəsində ləğv edilib.