...

"Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir: şagirdlərin gözü ilə" mövzusunda sərgi-tədbir keçirib (FOTO)

Cəmiyyət Materials 6 May 2014 15:17 (UTC +04:00)
Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir: şagirdlərin gözü ilə” mövzusunda sərgi-tədbir keçirib.
"Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir: şagirdlərin gözü ilə" mövzusunda sərgi-tədbir keçirib (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend/

Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə "Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir: şagirdlərin gözü ilə" mövzusunda sərgi-tədbir keçirib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, bu cür tədbirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində yüksək inkişaf dövrünü yaşayan Azərbaycanımızın əldə etdiyi nailiyyətləri və uğurları təsviri, əyani obrazlı şəkildə diqqətə çatdırmaqdır.

Çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova dahi lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb. O, ulu öndərin ölkəmizin tarixində əvəzsiz xidmətlərindən, bu gün sürətlə davam edən Azərbaycanın inkişafı üçün qoyduğu bünövrədən geniş söhbət açıb.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının İdarə Heyətinin üzvü Şükür Mehrabov və digərləri vurğulayıblar ki, hazırda dahi rəhbər Heydər Əliyevin siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılan-seçilən, ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Artıq dünyanın ən aparıcı dövlətləri Azərbaycan ilə daha çox hesablaşır və ölkəmizlə bütün sahələrdə tərəfdaşlığa böyük maraq göstərirlər. Azərbaycanın haqq səsi dünyanın ən mötəbər beynəlxalq tribunalarından daha əzəmətlə səslənir. Bütün bunlar ulu öndər Heydər Əliyev siyasətinin qələbəsidir.

Tədbirdə Azərbaycanı Türkiyədə şeir müsabiqəsində təmsil etmiş Zeynalabdin Bağırzadə İlyas Tapdıqın "Xalqın böyük oğluna" şeirini səsləndirib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Tədbirdə təbii güldən yığılmış ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Prezident İlham Əliyevin Nizami rayonuna səfərindən bəhs edən fotostend, eyni zamanda, rayonda inşa edilmiş "Bakcell Arena" stadionunun, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə tikilmiş Bayraq meydanının maketləri nümayiş etdirilib. Həmçinin tədbirdə 20-yə yaxın rəssam-şagird müasir Azərbaycanın inkişafını nümayiş etdirən şəkillər çəkib.

Tədbirin sonunda rəsm əsərləri ilə fərqlənən rəssam-şagirdlərə diplomlar və xatirə hədiyyələri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti