...

Ekspert: Sınaq qiymətləndirmə müəllimlərin keyfiyyət göstəricisini müəyyən edəcək

Cəmiyyət Materials 13 May 2014 17:46 (UTC +04:00)
Bakı şəhərində müəllimlər üçün sınaq qiymətləndirmə keçirməklə müəllimlərin keyfiyyət göstəricisini müəyyən etmək mümkün olacaq.
Ekspert: Sınaq qiymətləndirmə müəllimlərin keyfiyyət göstəricisini müəyyən edəcək

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İsabalayeva/

Bakı şəhərində müəllimlər üçün sınaq qiymətləndirmə keçirməklə müəllimlərin keyfiyyət göstəricisini müəyyən etmək mümkün olacaq.

Müəllimlərin sınaq qiymətləndirilməsinin aparılmasını çox əhəmiyyətli sayan Milli Məclisin keçmiş komitə sədri, təhsil eksperti Şahlar Əsgərov Trend-ə bildirib ki, Bakı şəhərində çoxlu sayda, on minlərlə müəllim var. Həmin müəllimlərin hamısının hüquq və vəzifəsi eynidir: "Amma biz bunları sınaqdan keçirsək, onların müəllimlik keyfiyyət dərəcəsini müəyyən edə bilərik. Öyrənə bilərik ki, bu yaxşı müəllimdir, bu isə yaxşı müəllim deyil. Bu müəllim fənni yaxşı bilir, amma dünyagörüşündə qüsur var. Ancaq bu müəllimin dünyagörüşü çox yaxşı olsa da, fənni yaxşı bilmir. Bunlar hamısı sınaq qiymətləndirmədə üzə çıxacaq və nəticədə minlərlə müəllimin keyfiyyət göstəricisi əlimizdə olacaq".

Ş.Əsgərov qeyd edib ki, müəllimin keyfiyyət göstəricisi bilindiyi halda, Təhsil Nazirliyi və yerli təhsil şöbələri üçün yaxşı müəllimləri idarəetməyə cəlb etmək imkanı yaranar.

Müəllimlərin bilik və bacarığının öyrənilməsini çox mühüm sayan ekspert deyib ki, sınaq qiymətləndirmə nəticəsində Təhsil Nazirliyi müəllimlər ordusu arasından güvənə bildiyi müəllimləri də seçə biləcək.

Bakı şəhərindəki 23 saylı orta məktəbin direktoru Yuliya Kərimova isə Trend-ə bildirib ki, sınaq qiymətləndirmənin nəticələri onun üçün də maraqlıdır: "Mənim üçün də hər il tədris yükü payladığım müəllimlərin biliyinin, professional bacarığının hansı səviyyədə olduğunu bilmək maraqlıdır. Bu sınaq qiymətləndirmə mənə müəyyən məlumatı verəcək. Mən biləcəyəm ki, müəllimlərim hansı səviyyədədir, onların peşəkarlığı necədir".

Y.Kərimova deyib ki, sınaq qiymətləndirmənin nəticələri müəllimlər üçün dərs bölgüsünün aparılmasına təsir etməyəcək. Bu proses təhsil sistemində müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinə yönələcək və onların fəaliyyətindəki uğurları, çatışmazlıqları müəyyən edəcək. Bunun əsasında müəllimlərin peşəkar fəaliyyətinə müəyyən kömək göstəriləcək: "Bu, nə müəllimlər üçün dərs yükünün aparılmasına, nə də işlədiyi məktəbdə hansısa status almasına təsir göstərə biləcək qiymətləndirmə deyil".

O, qeyd edib ki, rəhbərlik etdiyi məktəbin müəllimləri bu yeniliyi maraqla qarşılayıblar. Onun sözlərinə görə, müəllimlərin sınaq qiymətləndirilməsinin keçirilməsi müəyyən rezonansa da səbəb olub: "Mən deyərdim ki, bu yaxşı bir rezonansdır. Bu, müəllimlər üçün də maraqlıdır. Uzun müddət və qısa müddət məktəbdə işləyən müəllim özünü sınamaq istəyir".

Qeyd edək ki, Bakı Şəhəri Təhsil İdarəsi iyun ayında paytaxtın ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sınaq qiymətləndirilməsini həyata keçirəcək. Sınaq qiymətləndirmə 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti