Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə əmr imzalayıb.
Trend Təhsil Nazirliyinin rəsmi saytina istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil alanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsil verənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Bu hədəfə nail olmaq üçün müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, müəllim peşəsinin nüfuzunun artırılmasını, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını təmin edən yeni sistemin yaradılması nəzərdə tutulub.
Əmrə əsasən, 2014-cü ilin iyun ayında Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq. Əmrlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tapşırılıb ki, Bakı şəhərinin ümumi təhsil müəssisələrində işləyən müəllimlərin ixtisaslar üzrə siyahıları bir həftə müddətinə hazırlansın, mayın 25-dək hər bir ixtisas üzrə test bankının hazırlanması, ekspertizadan keçirilməsi, müəllimlərin sayına uyğun sual kitabçaları və cavab kartlarının çapı ilə əlaqədar tədbirlər görülsün.
Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq mərkəz hər bir mərkəz üzrə rəhbər və nəzarətçiləri müəyyənləşdirməli, sınaq qiymətləndirmənin məqsəd və mahiyyəti barədə pedaqoji heyəti məlumatlandırmalı, sınaq qiymətləndirmədə bütün müəllimlərin iştirakını təmin edilməlidir. Sınaq qiymətləndirmə başa çatdıqdan sonra nəticələr rəhbərliyə təqdim edilməlidir.
BŞTİ nazirliyin aidiyyəti şöbələri ilə birlikdə sınaq qiymətləndirmənin nəticələrini təhlil etməli və müəllimlərin əmək fəaliyyətinin optimallaşdırılması üzrə təkliflər hazırlamalıdır.