...

Təhsil Nazirliyi: Azərbaycanda gələn ildən bəzi müəllimlər üçün həvəsləndirici tədbirlərin tətbiqinə başlanacaq

Cəmiyyət Materials 15 May 2014 10:59 (UTC +04:00)
Təhsil Nazirliyinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayevin Trend-ə müsahibəsi
Təhsil Nazirliyi: Azərbaycanda gələn ildən bəzi müəllimlər üçün həvəsləndirici tədbirlərin tətbiqinə başlanacaq

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayevin Trend-ə müsahibəsi

- Bakıda çalışan orta məktəb müəllimlərinin fəaliyyətinin sınaq qiymətləndirilməsi zərurəti nədən yarandı?

- Təhsil sistemində keyfiyyətin qaldırılması, ayrı-ayrı müəllimlərin peşəkar inkişafına dəstək olmaq üçün bu tip qiymətləndirmələrin aparılması normal praktikadır. Dünyanın bir çox ölkələrində belə qiymətləndirmələr milli və ya regional səviyyədə həyata keçirilir. Bakıda da belə bir sınaq qiymətləndirmənin keçirilməsinin əsas məqsədi müəllimlərlə bağlı mövcud vəziyyəti, müəllimlər arasındakı mövcud fərqləri dəyərləndirmək, müəllimlərin əmək fəaliyyətinin motivasiyasını qaldırmaqdır.

Düşünürük ki, bu sınaq qiymətləndirmənin nəticəsi olaraq, biz Bakı şəhərində rayonlar, müxtəlif fənlər, müxtəlif yaş qrupları və s. faktorlara görə ayrı-ayrı keyfiyyət göstəricilərinə daha yaxından bələd olacağıq. Bu, gələcəkdə nazirlik tərəfindən müxtəlif qərarların verilməsində, müəllimlərin daha yaxşı hazırlanması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsində, həmcinin ixtisasartırma, müəllimlərin yenidənhazırlığı işinin təşkili baxımından zəruri olan layihədir.

- Sınaq qiymətləndirmədə iştirak edəcək müəllimlər bu prosesə necə hazırlaşa biləcəklər?

- Artıq imtahanın strukturu bəllidir. İmtahanda 40 sual ixtisas fənni, 20 sual metodika, 20 sual isə müəyyən kommunikativ qabiliyyətlərin ölçülməsi ilə bağlıdır. Düşünürəm ki, müəllimlərdən hər hansı hazırlıq tələb olunmur. Çünki bu suallar müəllimlərin gündəlik iş prinsipləri ilə bağlı olacaq. İxtisasla bağlı suallar daha çox kurikulumu əhatə edəcək. Suallar siniflər üzrə strukturlaşdırılacaq. Yəni müəllimin hansı sinifdə hansı keyfiyyətdə dərs demək imkanları da müəyyənləşdiriləcək. Çünki bəzi müəllimlər aşağı siniflərdə daha rahatlıqla yüksək səriştəlilik göstərirlər. Yuxarı siniflərdə dərs dedikdə isə müəyyən mənada çətinlik çəkirlər.

Sualların metodika ilə bağlı hissəsi isə müəllimlərin tədris zamanı tətbiq etdiyi müxtəlif metodlar, yeni fənn kurikulumları, yeni yanaşmalar, hər hansı fəal təlim, interaktiv təlim metodlarının tətbiqi məsələlərini əhatə edəcək. Müəllimlər bu suallarla tədrisi müasir standartlar əsasında nə dərəcədə qura bilmək qabiliyyətlərinin olduğunu göstərəcəklər. Sualların kommunikativ hissəsi müəllimlərin hazırkı emosional durumu, onların ünsiyyət qurma qabiliyyəti, sinifi idarəetmə, liderlik qabiliyyətlərini və s. ölçmək üçün aparılan bir sorğu olacaq.

Çox önəmli məsələlərdən biri budur ki, sınaq qiymətləndirmə attestasiya və imtahanla qarışdırılır. Ancaq bunlar fərqli məsələlərdir.

- Sınaq qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin fəaliyyətindəki zəif məqamlar hansı formada aradan qaldırılacaq?

- Təbii ki, hər bir qiymətləndirmə nəticəsində müəyyən boşluqlar aşkarlana bilər. Adətən, belə boşluqların, çatışmazlıqların aradan qaldırılması üçün hansısa fəaliyyət planı hazırlanır. Təbii ki, bu barədə nəticələr məlum olduqdan sonra daha ətraflı danışmaq olar. Amma ümumilikdə bir məsələ aydındır ki, sınaq qiymətləndirmə müəllimlərin ayrı-ayrı sahələr, mövzular, fənlər üzrə peşəkarlıq səviyyəsini ölçməyə imkan verəcək. Önəmli olan məsələ məktəblərdə keyfiyyətli tədrisin təşkilidir. Biz hamımız bunu qəbul etməliyik ki, məktəbdə müəllim zəif olarsa, tədrisin keyfiyyəti və təşkili vəziyyəti də aşağı olar. Bu zəif məqamlar müəyyən edildikdən sonra nazirlik tərəfindən müəyyən tədbirlər həyata keçiriləcək. Müəllimlərin fəaliyətindəki boşluqları aradan qaldırmaq üçün təlimlər, yenidənhazırlıq, ixtisasartırma kursları təlimləri təşkil ediləcək və müəllimlər bu təlimlərə cəlb olunacaq.

- Qiymətləndirmənin nəticələri nə qədər müddətə bilinəcək?

- Qiymətləndirmə Bakıda müxtəlif zonalar, müxtəlif fənlər üzrə iyun ayı boyunca keçiriləcək. Qiymətləndirmə keçirildikdən təxminən 1 həftə-10 gün sonra nəticələr bilinəcək.

- Sınaq qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlərin fəaliyyəti hansı formada optimallaşdırılacaq?

- Nazirlik tərəfindən çox yüksək peşəkarlıq səviyyəsinə malik müəllimlər üçün müəyyən həvəsləndirmə tədbirlərinin görülməsi, bu müəllimlərin daha çox dərs saatı ilə təmin edilməsi, dərs bölgüsünün aparılması zamanı göstərilən nəticələrin nəzərə alınması nəzərdə tutulur. Ancaq xüsusi qeyd edilməlidir ki, sınaq qiymətləndirmə müəllimləri cəzalandırmaq üçün keçirilmir. Bu, daha çox müəllimlərin mövcud peşəkarlıq səviyyəsini ölçmək, nazirliyin gözləntiləri ilə müəllimlərin mövcud vəziyyəti arasında olan fərqi müəyyən etmək, müəllimlərin fərqli peşəkar istiqamətini daha da sürətləndirməkdir.

- Qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlər üçün həvəsləndirici tədbirlərin tətbiqinə gələn tədris ilindən başlanılacaq?

- Bəli. Təbii ki, bu nəzərə alınacaq. Stimullaşdırıcı tədbirlər peşəkarlıq səviyyəsi yüksək olan müəllimlərin nazirlik tərəfindən müxtəlif layihələrə cəlb olunması, müəyyən qiymətləndirmə layihələrinin, dərsliklərin hazırlanması, ayrı-ayrı mövzularla bağlı müəyyən metodiki məsələlərin həllində iştirakı, ümumiyyətlə, təhsil islahatlarının həyata keçirilməsində bu müəllimlərin ideyalarının, yanaşmalarının tətbiqi formatında ola bilər. Həmin müəllimləri nümunə kimi digər müəllimlərə göstərməklə keyfiyyət standartlarını da müəyyən etmək həvəsləndirmə metodlarından biri ola bilər.

- Sınaq qiymətləndirmələrin keçirilməsi dövriliyi necə olacaq?

- Bu qiymətləndirmələr hər il olmasa da, mütəmadi olaraq keçirilməlidir və keçirilməsi də nəzərdə tutulur. Çünki bu, həm də nazirliyin öz işini qiymətləndirməsi və həyata keçirilən tədbirlərin səmərəliliyini ölçmək baxımından çox önəmlidir.

- Sınaq qiymətləndirmənin ilk ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində çalışan müəllimlər üçün keçiriləcəyi gözlənilirmi?

- Hazırda bu qiymətləndirmə ümumtəhsil müəssisələri üçün keçirilir. Orta məktəblərdə bu qiymətləndirməni keçirmək nisbətən asandır, amma ali təhsil müəssisələrində fənlərin sayı 500-dən daha çox olduğundan onu praktiki olaraq keçirmək daha çətindir. Buna görə də hazırda bu məsələ nəzərdə tutulmur.

- Sosial məzuniyyətdə olan və əmək qabiliyyətini itirən müəllimlər sınaq qiymətləndirmədə iştirak etməyəcəklər. Həmin müəllimlərin sonradan bu prosesdə iştirakı təmin ediləcəkmi?

- Bu müəllimlərin qiymətləndirmədə iştirakı sosial, tibbi nöqteyi-nəzərdən mümkün deyil. Buna görə də bu amil nəzərə alınır. Həmin müəllimlər üçün bu istisna hallar aradan qalxdıqdan sonra onların da gələcəkdə qiymətləndirmələrdə iştirakı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti