...

Bakı Metropoliteninin ərazisini zəbt etmiş məcburi köçkünlərin evləri boşaldılaraq sökülüb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 23 May 2014 15:41 (UTC +04:00)
"Bakı Metropoliteni" QSC-nin "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün ayrılan torpaq sahəsində məcburi köçkünlər tərəfindən qanunsuz tikilən evlər boşaldılaraq sökülüb.
Bakı Metropoliteninin ərazisini zəbt etmiş məcburi köçkünlərin evləri boşaldılaraq sökülüb (ƏLAVƏ OLUNUB)

Məlumat yenilənib (ilk xəbər saat 10:50-də yayılıb)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/

"Bakı Metropoliteni" QSC-nin "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün ayrılan torpaq sahəsində məcburi köçkünlər tərəfindən qanunsuz tikilən evlər boşaldılaraq sökülüb.

QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, artıq möcburi köçkünlərin ərazidəki qanunsuz evləri boşaldılaraq sökülüb və bu zaman heç bir insident yaşanmayıb: "Əvvəlcə məcburi köçkünlərlə razılıq əldə olundu və bəzi narazılıqlara baxmayaraq, ərazidəki evlərin əşyaları məcburi köçkünlərin ailələrinin iştirakı ilə aktlaşdırıldı və yüklənərək ərazidən daşındı. Daha sonra tam boşaldılmış evlər söküldü. İndi məcburi köçkünlərin özlərinin istəyi ilə həmin evlərin materiallarının ərazidən daşınması üçün tədbirlər görülür".

N.Paşayev qeyd edib ki, saat 15:30-dək olan məlumata görə, hazırda ərazidə məcburi köçkünlərə deyil, yerli sakinlərə məxsus qanunsuz tikilmiş 2 ev var ki, onların sökülməsi işləri gedir: "Onlar müəyyən edilmiş kompensasiyanı almışdılar. Lakin evdən çıxmaq istəmirdilər. Tam razılıq şəraitində onlardan birinə müvafiq texnikanı təqdim etdik. Özü bizim işçilərin köməyi ilə əşyalarını maşına yığıb apardı. Hazırda növbəti evin əşyalarının boşaldılması prosesi gedir. Bir azdan o ev tam boşaldılaraq söküləcək. Beləliklə, evlərin boşaldılması və söküntüsü işləri bu gün tam yekunlaşacaq".

Metropoliten rəsmisinin sözlərinə görə, bundan dərhal sonra ərazidə vaxtilə yarımçıq qalmış müvafiq işlərin görülməsi davam etdiriləcək: "Dərnəgül" Elektrik Deposunda həm qatarlar üçün relslər çəkiləcək, həm də müvafiq inzibati tikinti işləri aparılacaq. Depoda bəzi işlər gedirdi, lakin adıçəkilən bu evlərə görə həmin işlər yarımçıq qalmışdı və bu səbəbdən də işlərin gedişində plandan kənara çıxma qeydə alınmışdı. İndi çalışacağıq ki, ən qısa müddətdə "Dərnəgül" Elektrik Deposunu tam tikərək təhvil verək".

Qeyd edək ki, ərazini zəbt edərək orada evlər tikmiş 6 məcburi köçkün ailəsinə 2 gün öncə "Bakı Metropoliteni" QSC-nin nümayəndələri tərəfindən ərazinin boşaldılmasına dair son xəbərdarlıq edilmişdi.

Xatırladaq ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1 noyabr 1986-cı il tarixli qərarı ilə Bakı Metropoliteninin 3-cü növbəsinin Şimal sahəsinə daxil olan "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün Binəqədi rayonu, 7-ci mikrarayon, "Xarici dairəvi" küçəsi, 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb.

Müəyyən səbəblərdən tikinti işləri müvəqqəti dayandırılmış həmin torpaq sahəsi məcburi köçkünlər və digər mülki şəxslər tərəfindən zəbt olunmuşu. Siyahıyaalınma zamanı müəyyən edilib ki, həmin ərazidə 83-ü məcburi köçkünlərə məxsus olmaqla, cəmi 217 yaşayış sahəsi var. Orada yaşayan yerli sakinlərə kompensasiya ödənilərək ərazidən köçürmələrinə nail olunub. Məcburi köçkünlərin köçürülməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Ərazidə məskunlaşmış 32 məcburi köçkün ailəsinin hər biri mənzillə təmin olunub. Onlardan 26-sı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Mehdiabad qəsəbində mənzillərə köçüblər. Köçməkdən imtina edən digər 6 ailənin də hər birinə Mehdiabad qəsəbində mənzil verilib. Lakin məcburi köçkünlər "Bakı Metropoliteni" QSC-dən əlavə olaraq kompensasiya da tələb ediblər. Metropoliten isə onlara evlərin sökülməsi və tikinti materiallarının daşınması üçün lazım olan texnika və işçi qüvvəsi ilə kömək edəcəyini təklif edib.

Bununla razılaşmaylb "Bakı Metropoliteni"QSC-yə məxsus ərazidən köçmək istəməyən məcburi köçkünlər məhkəmələrə müraciət edərək onların evinin hər kvadratmetrinə görə kompensasiya tələbi ilə iddia irəli sürüblər. Lakin onların bu iddiaları təmin edilməyib.

1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 10 iyul 2013-cü il tarixli qərardadı ilə hazırda iddiaçıların yaşadığı evlərin, həyətlərin dağıdılması, yolun çəkilməsi ilə bağlı müəyyən hərəkətlərin edilməsi Bakı Metropoliteninə qadağan edilsə də, 19 avqust 2013-cü il tarixli qərarı ilə iddiaçıların tələbi rədd edildiyindən, məhkəmə əvvəlki qərardadını ləğv edib və Metropolitenə söküntü işlərinin aparılması üçün qoyduğu qadağanı aradan qaldırıb.

Bununla bağlı Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyası 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin müvafiq qərarını dəyişdirmədən saxlayıb və iddiaçıların kassasiya şikayətini təmin etməyib. Buna görə də ərazidə nəzrdə tutulmuş işlərin aparılması üçün "Bakı Metropoliteni" QSC söküntü işlərini aparmaqda israrlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti