...

Azərbaycanda geoloji prosesləri öyrənən yeni xəritələr hazırlanıb

Cəmiyyət Materials 23 May 2014 15:58 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının Hidrogeoloji və Azərbaycan Respublikası Ərazisində Ekzogen Geoloji Proseslərin Təhlükəlilik Dərəcəsinə görə Rayonlaşdırma xəritələri hazırlanıb.
Azərbaycanda geoloji prosesləri öyrənən yeni xəritələr hazırlanıb

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının Hidrogeoloji və Azərbaycan Respublikası Ərazisində Ekzogen Geoloji Proseslərin Təhlükəlilik Dərəcəsinə görə Rayonlaşdırma xəritələri hazırlanıb. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, xəritələr Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası, o cümlədən Geoloji Planalma ekspedisiyalarının materialları əsasında tərtib olunub.

Azərbaycan Respublikasının Hidrogeoloji Xəritəsində ölkənin dağlıq və dağətəyi düzənliklərində yayılmış yeraltı sulu komplekslər və sukeçirməyən süxur kompleksləri, yeraltı suların əsas qidalanma və boşalma mənbələri, yeraltı suların kimyəvi və qaz tərkibi, onların minerallaşması haqqında ən yeni məlumatlar əks olunub.

İ.İbrahimova deyib ki, xəritə tərtib edilərkən respublikanın yeraltı su ehtiyatlarının əsas hissəsinin (70%-ə qədər) cəmləşdiyi Qanıx-Əyriçay, Samur-Şabran, Gəncə-Qazax, Qarabağ-Mil dağətəyi düzənliklərində axtarış-kəşfiyyat işləri aparılıb, bütövlükdə respublika ərazisində 500-ə qədər axtarış-kəşfiyyat quyusu qazılıb: "Ümumiyyətlə, bu xəritədə 1:2500000 miqyasda ölkə ərazisinin hidrogeoloji rayonlaşdırılması, az minerallaşmış yeraltı suların intişar tapdığı süxurların qalınlığı və düzənlik zonaların kontinental çöküntülərinin litoloji tərkibi öz əksini tapıb".

Azərbaycan Respublikası Ərazisində Ekzogen Geoloji Proseslərin Təhlükəlilik Dərəcəsinə görə Rayonlaşdırma Xəritəsində isə təbii və texnogen amillərin təsirindən mütəmadi aktivləşən mövcud təhlükəli və hazırda stabilləşmiş sürüşmə, uçqun, çökmə, sel, subasma, bataqlıqlaşma, eroziya və digər ekzogen geoloji proseslərin inkişaf etdiyi sahələr göstərilib. Xəritədə ölkə ərazisi geoekoloji mühitə əhəmiyyətli dərəcədə neqativ təsir göstərən ekzogen geoloji proseslərin (sürüşmə, uçqun, çökmə, sel, subasma, bataqlıqlaşma, eroziya və s.) yayılmasının intensivliyinə görə rayonlaşdırılıb və geoloji proseslərin zəif, orta, güclü, şiddətli olması baxımından 4 rayona bölünməklə təsnifatlandırılıb.

Qeyd edək ki, 3 ildən artıq vaxt sərf edilmiş bu xəritələrin hazırlanması zamanı respublika ərazisində həyata keçirilmiş bütün geoloji, hidrogeoloji və mühəndis-geoloji tədqiqatların nəticələri toplanaraq elmi cəhətdən təhlil olunub və müvafiq ardıcıllıqla sistemləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti