Azərbaycan, Bakı, 31 may /Trend/
31 may 11-ci sinif şagirdlərinin ən sevincli günüdür. Çünki onlar artıq müstəqil həyatın qollarına atılırlar.
Bu gün Gəncə şəhərinin orta məktəblərində böyük sevinc və coşqu vardı. Həm müəllimlər, həm məktəbi bitirən şagirdlər, həm də valideynlər üçün ən qürurlu gün idi.
Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbdə keçirilən "Son zəng" daha təntənəli qeyd olunub. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər ziyalılarının iştirak etdiyi tədbirin rəsmi hissəsi böyük təmtəraqla qarşılanıb. Tədbiri giriş sözü ilə açan E.Vəliyev məktəbin müəllim kollektivini və məzunlarını təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Məktəbin direktoru Nizami Rzayev tədbir iştirakçılarını və qonaqları salamlayaraq məktəbin tarixi barədə məlumat verib. Bildirib ki, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəb 1962-ci ildə istifadəyə verilib. Məktəbin adı ilk dövrlərdə 39 nömrəli beynəlmiləl orta məktəb adlanıb. 1978-ci ilin sentyabrında görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal müəllimin vəfatından sonra onun adını əbədiləşdirmək üçün pedaqoji kollektivin xahişinə əsasən məktəbə Mir Cəlal Paşayevin adı verilib. Məktəbin qazandığı nailiyyətlərdən, müəllim və şagirdlərin qazandığı uğurlardan ağızdolusu danışan direktor bundan sonra da məktəbin adını daim uca zirvələrə qaldıracaqlarını söyləyib.
Valideynlər adından çıxış edən Kəmalə İsmayılova müstəqil həyata ilk addımlarını atan məzunları təbrik edib, onlara ən xoş arzularını bildirib.
Daha sonra tədbir məktəblilərin hazırladığı bir-birindən maraqlı kompozisiyalarla davam edib.
Sonda məktəbin təhsildə fərqlənən şagirdlərinə fəxri fərmanlar təqdim olunub.