Azərbaycan, Bakı, 4 iyun /Trend/
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) iyunun 4-də müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi ilə əlaqədar məktəb direktorlarının iştirakı ilə növbəti iclasını keçirib.
BŞTİ-dən Trend-ə verilən məlumata görə, iclasda BŞTİ- nin rəsmi nümayəndələri tərəfindən sınaq qiymətləndirilməsində iştirak etmək üçün dövlət ümumtəhsil məktəblərinin hər müəlliminin adına hazırlanan buraxılış vərəqəsi barədə ətraflı məlumat verilib. İclasdan sonra buraxılış vərəqələri hər bir məktəbin direktoruna müəllimlərə vermək üçün çatdırılıb.
Buraxılış vərəqələrində qiymətləndirilmədə iştirak edən müəllimin adı, soyadı, ata adı, ixtisası, rayon kodu, məktəb kodu, iş nömrəsi, qiymətləndirilmənin tarixi və keçirildiyi yer qeyd edilib.
Qiymətləndirməyə gələn zaman müəllimlər həm buraxılış vərəqəsini, həm də şəxsiyyəti təsdiq edən sənədi özü ilə gətirməlidir. İştirakçı müəllimin qiymətləndirilmə mərkəzinə buraxılış vərəqəsində göstərilən saatdan 1 saat 30 dəqiqə əvvəl gəlməsi vacibdir. Qiymətləndirilmə başladıqdan 30 dəqiqə sonra gələn müəllim zala buraxılmayacaq. Qiymətləndirilmə 2 saat 30 dəqiqə davam edəcək.
Qeyd edək ki, Dövlət Strategiyasının icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyun 2014-cü il tarixlərində Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaqdır.