...

Bir qrup müharibə veteranına yubiley medalları təqdim edilib (FOTO)

Cəmiyyət Materials 5 İyun 2014 19:09 (UTC +04:00)
Belarusun alman faşizmindən azad edilməsində iştirak etmiş bir qrup azərbaycanlıya yubiley medalları təqdim olunub.
Bir qrup müharibə veteranına yubiley medalları təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Belarusun alman faşizmindən azad edilməsində iştirak etmiş bir qrup azərbaycanlıya yubiley medalları təqdim olunub.

Medalların təqdim olunması ilə əlaqədar Gəncəyə səfər edən Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Azərbaycan Dövlət Aqrar Universitetində veteranlarla görüşərək, onların Belarus xalqı qarşısında göstərdikləri qəhrəmanlıq və igidliyi yüksək dəyərləndirərək minnətdarlıq edib.

Səfir deyib ki, bu gün Belarusun alman faşizmindən azad olunmasından 70 il keçir. Lakin xalq müharibənin vurduğu ağır yaraları unutmur. Çünki müharibə zamanı hər 3 belarusludan biri məhv edilib. Elə bir ailə olmayıb ki, bu müharibədən ziyan çəkməsin. Lakin Belarus xalqı digər millətlərlə çiyin-çiyinə düşmənə qarşı amansızlıqla döyüşüb. Bu döyüşlərdə azərbaycanlılar daha çox nümunə göstəriblər. Belarus xalqı döyüşən yüz minlərlə azərbaycanlını, o cümlədən Sovet İttifaqı qəhrəmanları general Həzi Aslanovu, Nəcəfqulu Rəfiyevi və digərlərini heç vaxt unutmur.

Sonra N.Patskeviç öz ölkəsinin prezidenti və xalqı adından veteranlara minnətdarlığını bildirib, onlara "Belarusun alman faşizmindən azad edilməsinin 70 illiyi" yubiley medallarını təqdim edib, cansağlığı və uzun ömür arzulayıb.

Mərasimdə iştirak edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz, Nizami, Şəmkir, Gədəbəy, Samux və Goranboy rayon şöbələrinin rəisləri veteranları təbrik ediblər.

Səfir daha sonra Azərbaycan Dövlət Aqrar Universitetində işgüzar görüş keçirib. Görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Universitetin rektoru, professor İbrahim Cəfərov səfirə ali təhsil ocağı haqqında ətraflı məlumat verdikdən sonra Belarusun ali məktəbləri ilə qurulması vacib olan əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti