Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda yaxın 2-3 gün ərzində havanın temperaturunun nisbətən yüksələcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında avqustun 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 22-26, gündüz 34-39 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 , dağlarda gecə 12-17, 25-30 dərəcə isti olacaq.
Avqustun 16-dan ikinci ongünlüyün sonunadək Bakıda və Abşeron yarımadasında havanın yüksək temperatur rejimi fonunda zəif küləklərin üstünlüyü, əsasən səhər və axşam saatlarında havada rütubətliliyin çox olması və yaranan durğun hava şəraiti güclü isti temperatur diskomfortuna səbəb ola bilər. Bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə xüsusilə əlverişsizdir.