...

2015-ci il ilk Avropa Oyunları ilə bağlı Dənizkənarı Bulvarda bir sıra yeniliklər tətbiq ediləcək

Cəmiyyət Materials 19 Avqust 2014 14:22 (UTC +04:00)
2015-ci il ilk Avropa Oyunları ilə bağlı Dənizkənarı Bulvarda bir sıra yeniliklər tətbiq ediləcək.
2015-ci il ilk Avropa Oyunları ilə bağlı Dənizkənarı Bulvarda bir sıra yeniliklər tətbiq ediləcək

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

2015-ci il ilk Avropa Oyunları ilə bağlı Dənizkənarı Bulvarda bir sıra yeniliklər tətbiq ediləcək.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Trend-ə bildirib ki, Dənizkənarı Bulvarın hər iki istiqamətə genişlənən ərazisi 2015-ci il ilk Avropa Oyunlarına qədər insanların istifadəsinə veriləcək: "İlk Avropa Oyunları ilə bağlı Bakıda xarici qonaqlar çox olmasını, eləcə də onların arasında turistlər, idmançılar, media nümayəndələrinin və s. olmasını nəzərə alsaq, bulvarda fəaliyyət göstərən bütün kafe və restoranlarda POS-terminalların olması təmin ediləcək, hər kafe və restoranda, hər attraksionda xarici dil, xüsusilə də ingilis dili bilən insanların olması təmin ediləcək. Bulvarın ərazisindəki obyektlərin hamısında "Wi-Fi" sisitemi tətbiq olunacaq".

N.Məcidov deyib ki, bulvar ərazisi genişlənəndən sonra dəniz gəzintisi marşrutu da genişləndiriləcək: "İndi gəmilər ancaq Dövlət Bayraq Meydanı və "Crystal Hall"un ətrafında fırlanır, bulvar genişlənəndən sonra isə bütün bulvarı əhatə edən marşrut istifadəyə veriləcək".

Qeyd edək ki, Dənizkənarı Bulvarın ərazisi 6 km-dən artıqdır, bulvar hər iki istiqamətə genişləndikdən sonra ümumilikdə uzunluğu 15 km olacaq.

N.Məcidov qeyd edib ki, yeni bulvar ərazisində həm yaşıllıq sahələri, həm çəmənliklər, ağaclıqlar, oturacaqlar, həm də işıqlandırma sistemi bir qədər fərqli ola bilər.

Onun sözlərinə görə, Dənizkənarı Bulvar genişlənəndən sonra ərazidə fəaliyyət göstərən qatarların hərəkət marşrutu artırılacaq.

Xatırladaq ki, hazırda ərazidə qatar 3 marşrut üzrə hərəkət edir - Bakı Dəniz Vağzalından Saat qülləsi, oradan Dövlət Bayrağı Meydanına qədər və İdman Sarayından "Crystal Hall"un ətrafına qədər.

N.Məcidov bildirib ki, bulvarın mühafizə xidmətinin işçilərinin ingilis dilini mənimsəməsi istiqamətində işlər davam etdiriləcək: "Avroviziya" mahnı müsabiqəsi ərəfəsində bulvar mühafizə işçilərinin təxminən 50 faizini ingilis dili kurslarına göndərdik. Onlardan əsas hissəsi bulvarda işləməkdə davam edir, çox az sayda işdən gedənlər də var. Yəqin ki, dil bilməyənlərin də belə kurslar keçməsini təmin edəcəyik. Bizim mühafizə işçiləri arasında rus dilini bilənlər çoxdur, ancaq ingilis dilini bilənlərin də sayını artırmağı nəzərdə tuturuq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti