...

ADA Universitetində "Ağac Əkək Təbiətə Töhvə Verək" layihəsi çərçivəsində ekoloji təşəbbüslər müzakirə olunub

Cəmiyyət Materials 26 Avqust 2014 13:55 (UTC +04:00)
ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və "Coca-Cola" şirkətinin təşəbbüsü ilə "Ağac Əkək Təbiətə Töhvə Verək" layihəsi çərçivəsində maarifləndirici görüş keçirilib.
ADA Universitetində "Ağac Əkək Təbiətə Töhvə Verək" layihəsi çərçivəsində ekoloji təşəbbüslər müzakirə olunub

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Sadiq Nemətzadə/

ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və "Coca-Cola" şirkətinin təşəbbüsü ilə "Ağac Əkək Təbiətə Töhvə Verək" layihəsi çərçivəsində maarifləndirici görüş keçirilib.

ADA Universitetindən Trend-ə verilən məlumata görə, Mərkəzin sədri və ADA Universitetinin beynəlxalq və ictimai münasibətlər fakültəsinin dekanı Elnur Soltanov iştirakçıları salamlayaraq, beş ildə damcili suvarma metodu ilə 100 min ağac əkilməsini nəzərdə tutan, "Ağac Əkək Təbiətə Töhvə Verək" layihəsi haqqında məlumat verib. Cari ildə 15 minə qədər ağac əkiləcəyini bildirən natiq, burada əsas məqsədin ölkəmizin su sərvətlərinin qorunmasına yönəldiyini vurğulayıb.

Daha sonra Vəfa Məhərrəmova mövzuyla bağlı təqdimat nümayiş etdirib. Tədbirdə müasir dünyanın ekologiya problemləri və Azərbaycanda ətraf mühitin mühafizəsiylə bağlı potensial tədbirlərin təşkili müzakirə olunub. Görüşün iştirakçıları bu sahədəki dünya təcrübəsini və müxtəlif növ aksiyaların səmərəli təşkili planlarını müzakirə etdilər. Gələcək nəsillərə daha təhlükəsiz və sağlam bir dünyanın miras qoyulması üçün ictimai məsuliyyət hissinin hər bir vətəndaş, xüsüsilə də gənclərə aşılanmasının vacibliyi vurğulanıb. Tədbir zamanı iştirakçılar təbii sərvətlərin qorunması və bu yolda göstərilən cəhdlərin davamlılığının təminiylə bağlı fikir mübadiləsi aparmaq fürsəti də əldə etdilər.

"Ağac Əkək Təbiətə Töhvə Verək" layihəsi ekoloji məsələlərə ictimaiyyətin diqqətinin çəkilməsi və ölkədə bu sahədə məlumatlılığın artırılması üçün müxtəlif ictimai fəaliyyətlər, eləcə də, tədqiqat işləri və elmi nəşrlərin həyata keçirilməsini nəzərdə tutur. Bundan əlavə, ağacların əkilməsi prosesinə könüllü gənclərin cəlb olunması və prosesin məhz gənclərə etibar olunması planlaşdırılır. Bu isə adıçəkilən layihənin əsas fəlsəfəsi olan "qızıl üçlük (dövlət, biznes və vətəndaş cəmiyyəti) arasında əməkdaşlığın önəminə inam prinsipi" ilə üst-üstə düşür.

Layihənin həyata keçirilməsi zamanı damcı üsulu ilə suvarmadan istifadə olunacaq ki, bu da öz növbəsində ölkədə məhdud olan şirin su ehtiyatlarının qorunmasını təmin edəcək.

"Coca-Cola" şirkəti bu layihəni davamlı inkişaf və ictimai məsuliyyət konsepsiyası çərçivəsində dəstəkləyir. Ekoloji tələblərə cavab verən yaşıl kampusda fəaliyyət göstərən ADA Universiteti də adı keçən layihəni, öz quruluşundan etibarən həyata keçirməkdə olduğu təbiətə və cəmiyyətə xidmət fəlsəfəsinin tərkib hissəsi olaraq görməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti