...

Mübariz Qurbanlı: Dinimizin yad ünsürlərdən qorunması istiqamətində fəaliyyət gücləndirilməlidir (FOTO)

Cəmiyyət Materials 4 Sentyabr 2014 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İlkin İzzət/

Ölkədə dini təhsil "Dini etiqad azadlığı haqqında" qanunda göstərildiyi qaydada, mütləq ölkədə dini təhsil almış və səlahiyyət sahibləri tərəfindən aparılmalıdır. Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 4-də paytaxtın Sabunçu rayonunda dini icmaların nümayəndələri ilə keçirilən görüşdə deyib.

Görüşdə çıxış edən M.Qurbanlı son vaxtlar dünyada qeyri-ənənəvi cərəyanların din adından istifadə etməklə öz ideologiyalarını yaymağa çalışmasından və bundan siyasi məqsədləri üçün istifadə etmək cəhdindən söz açıb, belə halların qarşısının alınması məqsədilə dini icmaların fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini bildirib: "Milli adət-ənənələrimizin, dinimizin yad ünsürlərdən qorunması istiqamətində fəaliyyət daha da gücləndirilməlidir. Azərbaycanda dövlət-din münasibətləri qanun vasitəsilə nizamlanır. Konstitusiyamızda dini azadlıqla bağlı müddəalar heç də dünyanın ən inkişaf etmiş ölkələrindəkindən geri qalmır. Bizim milli-mənəvi dəyərlərimiz arasında İslam dini xüsusi əhəmiyyətə malikdir və bu mütərəqqi dinin düzgün təbliği prioritet məsələlərdəndir".

Komitə sədri qeyd edib ki ki, hazırda Azərbaycanda dinlərarası münasibətlər yüksək səviyyədədir. Onun fikrincə, Prezident İlham Əliyevin qayğısı ilə ölkədə yeni məscidlərin tikilməsi, dini abidələrin bərpa olunması dövlətin dinə olan münasibətinin bariz nümunəsidir.

Sabunçu rayonundakı dini vəziyyət, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı məlumat verən DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov bildirib ki, əhalinin dini baxışlarının sağlam müstəvidə formalaşdırılması, gənclərin radikal fikirli insanların təsiri altına düşməməsi və din xadimlərimizin bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin keçirilməsinə ehtiyac var. Bunu nəzərə alaraq müxtəlif rayonlarda dini icmaların nümayəndələri ilə görüşlər keçirilir, fikir mübadiləsi aparılır.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev isə bildirib ki, din xadimlərinin cəmiyyətdə çox böyük rolu var, ona görə də bu görüş dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb edir. O, ölkəmizdə hər zaman milli-mənəvi dəyərlərimizə, dinimizə hörmət və qayğı ilə yanaşıldığını, həmçinin dinin dövlətdən ayrı olmasına baxmayaraq dövlətin dayağı kimi çıxış etdiyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti