...

Bakıda ASAİF-in XII Forumu öz işinə başlayıb

Cəmiyyət Materials 5 Sentyabr 2014 10:32 (UTC +04:00)
Sentyabrın 5-də "Hyatt Regency" hotelində “Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin (ASAİF) XII Forumu öz işinə başlayıb.
Bakıda ASAİF-in XII Forumu öz işinə başlayıb

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/

Sentyabrın 5-də "Hyatt Regency" hotelində "Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu" İctimai Birliyinin (ASAİF) XII Forumu öz işinə başlayıb.

Trend-in məlumatına görə, öncə forum iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək ulu öndərin ruhuna hörmət və ehtiramlarını bildiriblər. Daha sonra iştirakçılar ölkəmizin müstəqilliyi uğrunda həlak olanların uyuduğu Şəhidlər xiyabanını ziyarət ediblər.

Dövlət Himninin səslənməsi ilə start verilən Forumun açılış mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri iştirak edibər.

Forumda giriş sözü ilə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Forumda çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, əsasını ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ölkəmizin inkişafının strateji milli siyasi xətti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın iqtisadi potensialı artdıqca bütün sahələrin inkişafına kapital qoyulur və bu, müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin formalaşması üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Bu baxımdan xaricdə təhsil üzrə Dövlət Proqramı gənclərin təhsil almaları üçün bərabər imkanların təmin edilməsində mühüm rol oynayır və ölkəmizdə insan kapitalının keyfiyyətinin artırılmasına imkan yaradır.

Təhsil naziri "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil sahəsində aparılmış islahatlardan söz açaraq bunun gənclərimizin daha yaxşı təhsil almaları və hərtərəfli inkişafına şərait yaratdığını vurğulayıb. Gənclərimizin dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ali təhsil ocaqlarında dövlət hesabına təhsil almaları Azərbaycanın inkişafı, gələcəyi üçün ən yaxşı sərmayə və təminatdır. M.Cabbarov dünya universitetlərində təhsil alan və məzun olmuş gənclərlə işlərin bundan sonra daha da genişləndiriləcəyini diqqətə çatdırıb.

Gənclər və idman naziri Azad Rəhimov ölkəmizin dünyada tanınmasında gənclərimizin böyük rol oynadığını bildirib. O qeyd edib ki, gənc nəslin təhsilinə qoyulan sərmayə gələcəyə yönəlmiş ən səmərəli yatırım sayılır. Dünya idman arenalarında bayrağımızı ucaldan hər bir gənc həm də ölkəmizin nüfuzunun artmasına öz töhfəsini verir: "Tələbə gənclər gəncliyin əsas və aparıcı hissəsi olduğu kimi, xaricdə təhsil alan tələbələr də 200 minlik tələbə ordusunun önəmli hissəsidir. Azərbaycan Prezidenti İlham Əliyev ölkə gənclərinin dünyanın aparıcı universitetlərində təhsilinə çox böyük diqqət və önəm verir. Bu, ölkəmizin inkişaf prioritetlərindən biridir. Bu siyasətin daha dərin kökləri, ənənələri var".

Nazir qeyd edib ki, bu gün ölkəmizin inkişafında, dünyada tanınmasında xaricdə təhsil alan gənclərin əməyi böyükdür: "Savadınızın artması, peşəkar mütəxəssis olmaq istəyiniz və çalışmağınız bizi sevindirir. Bu, sizin əsas vəzifənizdir. Cəmiyyətin problemlərinin həllində iştirak, onlarla münasibətin müəyyən edilməsi, fərdi bacarıq və imkanlarının ümumi fəaliyyətdə birləşməsi yolu ilə insan daha da yetkinləşir. Gənclərlə bağlı keçirilən tədbirlər, forumlar zamanı Azərbaycanın əsas və yeganə problemi Dağlıq Qarabağ və Ermənistanın təcavüzü ilə bağlı işlər aparılmalıdır".

Sonra Forum iştirakçılarının sualları ətrafında müzakirələr aparılıb. Müzakirələrdə təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, millət vəkili Fuad Muradov iştirak ediblər.

Aparılan müzakirələr zamanı bir fikir xüsusi vurğulanıb ki, xaricdə təhsil alan tələbələr və məzun olaraq çalışan vətəndaşlarımız yüksək səviyyəli mütəxəssis olaraq ölkəmizi layiqli təmsil etməli, milli mənafelərimizin və dəyərlərimizin qorunması sahəsində əməli işlər görməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti