...

İranın Gilan əyaləti azərbaycanlı jurnalistlərin gözü ilə (FOTO)

Cəmiyyət Materials 18 Sentyabr 2014 11:09 (UTC +04:00)
İranın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə bir qrup azərbaycanlı jurnalist İslam Respublikasının Gilan əyalətinə səfər edib.
İranın Gilan əyaləti azərbaycanlı jurnalistlərin gözü ilə (FOTO)

İran, Rəşt, 18 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə bir qrup azərbaycanlı jurnalist İslam Respublikasının Gilan əyalətinə səfər edib.

Trend-in məlumatına görə, azərbaycanlı jurnalistlər gəzməli və görməli yerlərlə yanaşı, Gilan əyalətində yerləşən sənaye müəssisələrində də olublar.

Gilan əyaləti İranın şimal-qərbində yerləşir. Bu əyalətin Azərbaycanla həm quru, həm də dəniz sərhədləri var. Gilan qərbdən Ərdəbil, cənubdan Zəncan və Qəzvin, şərqdən isə Mazandaran əyalətləri ilə qonşudur. Xəzər dənizi və Elburs dağlarının iqliminin təsiri nəticəsində mülayim hava şəraitinə malikdir.

Son statistikaya əsasən, Gilan əyalətinin 2 milyon 480 min 874 nəfərdən çox əhalisi var. Onlardan 49 faizdən çoxunu kişilər, 50 faizdən çoxunu isə qadınlar təşkil edir. Gilan əyalətinin əhalisinin çoxu giləklərdən (Gilanlılar və ya Giləklər - İranda yaşayan Pəhləvi dilli xalq) ibarətdir. Əhalinin digər hissəsini azərbaycanlılar, talışlar, tatlar, kürdlər, ermənilər, farslar və qaraçılar təşkil edir. Giləklər, azərbaycanlılar, talışlar, tatlar və kürdlər etnik areallara malikdirlər, kompakt halda həm kəndlərdə, həm də şəhərlərdə məskunlaşıblar.

Əyalətin mərkəzi Rəşt şəhəridir.

Gilan əyalətinin iqtisadi üstünlükləri

Gilan əyaləti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi xəttində yerləşir. Su və qurudan Orta Asiya ölkələri, Azərbaycan və Rusiya ilə əlaqələr qurmaq imkanı var. Təbii resurslara, böyük və sıx meşələrə, kənd təsərrüfatı üçün əlverişli torpağa, özünəməxsus özəllikləri olan Ənzəli gölünə və gözəl dəniz sahillərinə malik olması əyalətin turizm və iqtisadi potensialının inkişaf etdirilməsi üçün geniş şərait yaradır. Əyalətdə bir neçə böyük çay axır ki, onlardan Sefidrud, Polrud, Qorqanrud, Şəfarud və digərlərinin adını çəkmək olar.

Azərbaycan və Gilan əyaləti arasında ticarət əlaqələri

İranın Gilan əyalətinin Sənaye, ticarət və mədənlər təşkilatının sədri Əli Müntəziri bu əyalətə səfər etmiş Azərbaycanlı jurnalistlərə müsahibəsində deyib ki, əyalətdə 2600-dən çox sənaye müəssisəsi fəaliyyət göstərir.

Onun sözlərinə görə, Gilan əyalətində əsasən tikinti materialları, dərman preparatları, ərzaq məhsulları və polad istehsalı müəssisələri fəaliyyət göstərir. Bu sənaye müəssisələrinin istehsal etdiyi məhsullar ölkə daxilində ehtiyacı təmin edir, eyni zamanda, qonşu ölkələrə ixrac potensialı var.

Əli Müntəziri deyib: "Biz Azərbaycanla ticarət əlaqələrimizin səviyyəsini bir neçə dəfə artırmaqda maraqlıyıq. Hazırda Gilan əyalətindən Azərbaycana daha çox quru meyvələr, ərzaq məhsulları, keramika, kafel, sement və polad məhsulları ixrac olunur".

O qeyd edib ki, İran və Azərbaycan arasında ticarət əlaqələrinin səviyyəsi hazırda aşağıdır: "Azərbaycan və İran arasında ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş potensial var".

Azərbaycanlı jurnalistlər Gilan əyalətinin sənaye müəssisələrində

Azərbaycanlı jurnalistlər öncə "Kaşi Xəzər" kafel istehsalı zavodunda oldular. Bu zavod 1989-cu ildə istehsala başlayıb. Zavod fəaliyyətə başladığı ilk illərdə ildə 1 milyon kvadratmetr kafel istehsal edirdisə, hazırda bu rəqəm ildə 7 milyon kvadratmetrə çatıb.

"Kaşi Xəzər" kafel istehsalı zavodunun direktoru Məhəmməd Cavad Muradzadənin sözlərinə görə, zavodun istehsal etdiyi məhsullar uzun illər Azərbaycana ixrac olunub: "Bir-iki il olar ki, bəzi səbəblərə görə, zavodun istehsal etdiyi kafelin Azərbaycana ixracı dayanıb. Hazırda məhsullarımızın Azərbaycana yenidən ixracına başlamaq üçün danışıqlar aparırıq və ümid edirəm ki, bu iş tezliklə baş tutacaq".

Daha sonra jurnalistlər ildə 2 milyon 800 min ton istehsal potensialı olan Gilan Poladəritmə zavodunun iş prosesi ilə tanış oldular. Jurnalistlərə bildirildi ki, zavodda istehsal olunan dəmir təbəqələr ölkə daxilində satışa çıxarılmaqla yanaşı, xarici ölkələrə, o cümlədən Azərbaycan, Pakistan və Fars körfəzi ölkələrinə ixrac olunur.

Azərbaycanlı jurnalistlər "Pars Xəzər" məişət malları istehsalı, Lahican şəhərində yerləşən "Nuşin" qənnadı və "Refah" çay istehsalı müəssisələrinə də baş çəkiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti