Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda uşaq hüquqlarının daha yaxşı qorunması üçün yerli icra hakimiyyəti orqanlarının nəzdindəki qəyyumluq və himayəçilik orqanları və yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyinə verilməsi təklif edilir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, həmin komitənin yerlərdə daimi fəaliyyət göstərən orqanları olsa, bu qurum uşaq hüquqlarının qorunması işi ilə daha çevik şəkildə məşğul ola bilər.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan qanunvericiliyində uşaqların hüquqlarının qorunması məsələləri təkmil şəkildə öz əksini tapıb. Qanunvericliyə görə, valideyn və ya ailə üzvlərindən biri uşağa qarşı zorakılıq halı göstərərsə, bu halda uşağın özü və ya bundan məlumatlı olduqda qonşusu, müəllimi, sahəyə baxan uşaq həkimi icra hakimiyyəti orqanının nəzdindəki uşaqlarla bağlı komissiyaya, hüquq-mühafizə orqanlarına müraciət edərək uşağın internatlara verilməsi, onlara sığınacağın ayrılması və s. kimi məsələləri qaldırıra bilərlər. Uşağın mənəviyyatını pozan, onu ac qoyan, sağlamlığına baxmayan və s. hallara diqqət yetirməyən valideyn olduqda onunla profilaktik söhbət aparılır. Bu, nəticə vermədikdə onlar haqqında inzibati qaydada tədbir görülür, uşağın valideyndən alınması, dövlətin himayəsinə verilməsi barədə məhkəmə qərarı qəbul oluna bilər.
M.Quliyev bildirib ki, bütün bunlar Azərbaycan qanunvericliyində öz əksini tapsa da, mentalitetimiz onların icrasına imkan vermir: "Hesab edirlər ki, ailənin işinə qarışmaq olmaz, ata-ana uşağı döyər də, söyər də. Ancaq qanunvericilik uşağın müəllimlərinin, xüsusilə sinif rəhbərinin, sahə həkiminin, yerli bələdiyyə, polis orqanlarında uşaqlarla işləyən məsul şəxslərin üzərinə məsuliyyət qoyur ki, sosial cəhətdən təhlükəli olan ailələri daim nəzarətdə saxlasınlar və o ailələrdə uşaqların böyüməsi ilə əlaqədar məsələləri hüquq müstəvisində həll etsinlər. Bu, narkoman, alkoqolizmlə məşğul olan, mənəviyyatı pozulmuş, daim aralarında konflikt olan valideynlərin, uşağı qanunsuz olaraq əməyə, hətta dilənçiliyə məcbur edən valideynlərin olduğu ailələrə aiddir".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova isə Trend-ə bildirib ki, Ailə Məcəlləsinə görə, uşaq ailədə hər hansı hüquq pozuntusu ilə rastlaşdıqda onun yerli icra hakimiyyəti orqanlarındakı qəyyumluq və himayəçilik orqanlarına və ya yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaya müraciət etmək hüququ var: "Sadəcə olaraq, bizim uşaqlar bundan xəbərsizdirlər. Amma müraciət edənlər də olur. Komitəyə də ailədə zorakılıqla rastlaşan uşaqlar müraciət edirlər və biz onların hüquqularının bərpası istiqamətində işlər görürük".
Bu sahədə əsas problemin mentalitetlə bağlı olduğunu hesab edən T.İbrahimova bildirib ki, komitə uşaqların öz hüquqlarını bilməsi üçün təhsil müəssisələrində geniş maarifləndirmə işləri aparır.
Onun fikrincə, uşaqların zorakılığa məruz qalması hallarının qarşısını almaq və buna daha yaxşı nəzarət etmək üçün yerlərdəki yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyanın, qəyyumluq və himayə orqanlarının potensialının gücləndirilməsi lazımdır. Uşaqların hüquqlarının beynəlxalq tələblərə uyğun qorunmasını təmin etmək üçün həmin komissiyalarda çox sayda sosioloqlar, psixoloqlar, hüquqşünaslar çalışmalıdırlar: "Bizim yerlərdə uşaqları müdafiə edən əsas orqanlarımız yerli icra hakimiyyəti orqanlarındakı yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiya və qəyyumluq və himayə orqanlarıdır. Bu gün problem odur ki, bu orqanların yerləşdiyi bütün əraziyə nəzarət etmək imkanları məhduddur. Buna görə də yerli orqanların potensialları gücləndirilməlidir. Bu strukturlarda müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var".