...

Şəmsəddin Hacıyev tələbə qəbulunda vahid imtahan modelinin tətbiqinin əleyhinə çıxdı

Cəmiyyət Materials 3 Oktyabr 2014 14:49 (UTC +04:00)
Azərbaycanda ali məktəblərə tələbə qəbulu zamanı vahid imtahan modelinin tətbiqi - buraxılış imtahanlarının nəticələri əsasında tələbə qəbulunun aparılması məsələsinin bir neçə il gündəmdə olmaması və hazırkı sistemin qalması daha məsləhətdir.
Şəmsəddin Hacıyev tələbə qəbulunda vahid imtahan modelinin tətbiqinin əleyhinə çıxdı

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ali məktəblərə tələbə qəbulu zamanı vahid imtahan modelinin tətbiqi - buraxılış imtahanlarının nəticələri əsasında tələbə qəbulunun aparılması məsələsinin bir neçə il gündəmdə olmaması və hazırkı sistemin qalması daha məsləhətdir. Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.

Hələ 2009-cu ildə "Təhsil haqqında" qanun qəbul edilərkən ali məktəblərə tələbə qəbulunun vahid imtahan prinsipi ilə həyata keçirilməsi, yəni buraxılış imtahanlarının nəticələri əsasında qəbul olunma məsələsini qaldırdıqlarını xatırladan komitə sədri hesab edir ki, hazırkı test sistemi özünü tamamilə doğruldur, şəffaf, obyektiv imtahanlar keçirilir.

Ş.Hacıyev deyib ki, hazırda ali məktəblərə tələbə qəbulunun buraxılış imtahanlarının nəticələri əsasında aparmaq üçün qanunvericilikdə hər hansı dəyişikliyin aparılması nəzərdə tutulmur. Bu məsələnin müzakirəsi də gündəmdə deyil: "Hesab edirəm ki, bu məsələnin bir neçə il gündəmdə olmaması daha məsləhətdir. Hazırkı sistemin bir neçə il qalması məqsəduyğundur. Bəzi ölkələrdə heç test, ümumiyyətlə, qəbul imtahanı yoxdur. Amma bəzilərində isə tamam başqa cürdür. Yerli vətəndaşlar üçün başqa sistem, xarici vətəndaşlar üçün başqa sistem qurulur. Hər ölkə özü üçün məqbul olan mexanizmləri yaradır. Hesab edirəm ki, bizim yaratdığımız bu sistem özünü doğruldub".

Bununla belə, komitə sədri hesab edir ki, hazırkı qəbul sistemini də təkmilləşdirmək vacibdir və bu istiqamətdə bir çox yeniliklər tətbiq edilir.

Onun fikrincə, testlərin tərtib olunmasını da təkmilləşdirmək lazımdır.

Qeyd edək ki, bu ildən başlayaraq cari il məzunları üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanlarının nəticələri əsasında aparılır. Gələn ildən 11 illik təhsil bazasından kolleclərə qəbul zaman həmin ilin məzunları üçün bu yeniliyin tətbiq edilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti