...

Gövhər Baxşəliyeva: Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir

Cəmiyyət Materials 9 Oktyabr 2014 09:00 (UTC +04:00)
“Görkəmli şərqşünas alim, professor Aida İmanquliyeva elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçmişdi, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən, baş elmi işçi, şöbə müdiri müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinəcən yüksəlmişdi”.
Gövhər Baxşəliyeva: Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Görkəmli şərqşünas alim, professor Aida İmanquliyeva elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçmişdi, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən, baş elmi işçi, şöbə müdiri müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinəcən yüksəlmişdi". Bunu A.İmanquliyevanın anadan olmasının 75 illik yubileyi ərəfəsində Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva bildirib.

G.Baxşəliyeva deyib ki, Azərbaycan elminin çoxəsrlik inkişafı tarixində XX əsrin xüsusi yeri var: "Məhz bu dövrdə şərqşünaslıq elminin ən müxtəlif sahələri inkişaf etmiş, qüdrətli elmi potensial yaranmış, yüksək ixtisaslı milli şərqşünas kadrlar yetişmişdir. Hər əsəri elmdə yeni söz, yeni tapıntı olan parlaq alimlər, işıqlı şəxsiyyətlər yaşayıb-yaratmışlar. Görkəmli şərqşünas-alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva belə alimlərdəndir. Dərin nəzəri bilikləri, analitik təfəkkürü, yüksək erudisiyası, geniş mütaliəsi, bir neçə şərq və qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa bir vaxt ərzində ona nəinki keçmiş Sovetlər Birliyində, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirmişdir".

G.Baxşəliyeva qeyd edib ki, 3 monoqrafiya ("Mixail Nüay-mə və "Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatı korifeyləri) və 70-dən artıq elmi məqalənin müəllifi olan A.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub. Professor A.İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə yaxın və uzaq xarici ölkələrdə (Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Hamburq, Halle və s.) təmsil etmişdir.

Onun sözlərinə görə, Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlamışdır: "Onun rəhbərlik etdiyi Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilmişdir. O, uzun illər pedaqoji fəaliyyətlə də səmərəli məşğul olmuş, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxumuşdur".

G.Baxşəliyeva deyib ki, professor A.İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir: "Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi. Alimin çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün çox mühüm zəmin yaradır. Bir vaxtlar Qərb və Şərq mədəniyyətlərinin qarşılıqlı əlaqə və təsirinin tədqiqi hakim ideologiyanın tələblərinə uyğun olaraq ciddi təhriflərə məruz qalırdı. Şükürlər olsun ki, о zamanlar artıq arxada qaldı".

G.Baxşəliyeva A.İmanquliyevanın xatirəsinin əbədiləşdirilməsini vacib sayıb: "Düşünürəm ki, bu yubiley günlərində biz Aida xanımın xatirəsi qarşısında bir borcumuzu da verməliyik. Onun xatirəsi layiqincə əbədiləşdirilməlidir. Bu, Aida xanımın özünə yox, böyüməkdə olan gənc nəsil, onun elmə, alimə hörmət və ehtiram ruhunda tərbiyə olunması üçün zəruridir".

Xəbər lenti

Xəbər lenti