Azərbaycan, Bakı, 9 oktyabr /Trend/
"Meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması sahəsindəki göstəricilər durmadan yaxşılaşır. Həyata keçirilmiş tədbirlər nəticəsində meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artmışdır. Son 10 il ərzində 103 min hektar sahədə meşə-bərpa işləri aparılmış və yeni meşələr salınmış, 80 milyon ağac yetişdirilmişdir". Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib.
Nazir bildirib ki, təkcə 2014-cü ilin 9 ayı ərzində meşə fondu torpaqlarında 1 144 hektar sahədə yeni meşələr salınmış və meşə səpini işləri aparılmış, 2 milyon 242 min ağac əkilmişdir.
Onun sözlərinə görə, son 10 ildə meşə fonduna daxil olmayan ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər təşkilatlar tərəfindən 20 milyondan artıq müxtəlif növ ağac və kol əkilmişdir: "Qeyd etmək istəyirəm ki, son 4-5 il ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarla əhatə olunmuş Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı tarixdə görünməmiş nəhəng, müasir metodlara əsaslanan yaşıllaşdırma layihələri həyata keçirilmiş, 3405 hektar ərazidə 3,5 milyon ağac əkilmiş, ərazi 10 min kilometrdən çox uzunluğunda müasir damcılı suvarma sistemləri ilə təmin olunmuşdur.
8160 kubmetr həcmində 10 yeraltı dəmir-beton su anbarı, 200 min kubmetr həcmində 7 torpaq su anbarı, 18 nasosxana, 40-dək müxtəlif tikililər inşa edilmiş, 10 kilometrlərlə elektrik xətləri çəkilmiş, onlarla transformator quraşdırılmış, alternativ su mənbələri yaratmaq üçün 42 kilometr iritutumlu su xətləri çəkilmiş, minlərlə kubmetr gübrə daşınmış və ərazilərə verilmişdir. Bu layihələr çərçivəsində müxtəlif bölgələrdə 1700 hektar sahədə 1,1 milyondan artıq əsasən xaricdən gətirilmiş daha məhsuldar və davamlı zeytun tingləri əkilmişdir. Məlumat üçün diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycanda tarixən yaradılmış zeytun bağlarından hazırda 900 hektara qədəri qorunub saxlanılmışdır. Sizin göstərişinizlə son 2 il yarımda əkilmiş zeytun ağaclarının hesabına onların sahəsi 3 dəfə artaraq 2 600 hektara çatmışdır. Qeyd etmək lazımdır ki, damcılı suvarma sistemlərinin qurulması və müvafiq qulluq nəticəsində, sərt şəraitə baxmayaraq, arid sahələr və yüksək minerallaşmış torpaqlarda salınmış yaşıllıqlarda yüksək bitiş faizi (95-98 %) təmin olunmuşdur. 2012-ci ildə salınmış bağlar artıq məhsul verməyə başlamışdır ki, onlardan indi toxum kimi istifadə olunur, lakin növbəti illərdə əmtəə xarakterli məhsul gözlənilir".
Nazir bildirib ki, bioloji müxtəlifliyin qorunub saxlanılması fəaliyyətimizin əsas istiqamətlərindən biridir: "Həyata keçirilmiş tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılmışdır. Qızılağac Dənizkənarı Milli Parkının və "Zaqatala-Balakən Biosfer Rezervatının" formalaşdırılması istiqamətində iş gedir və bu prosesin yekunlaşması ilə xüsusi mühafizə olunan ərazilərin sahəsi ölkə ərazisinin təxminən 13 faizini təşkil edəcəkdir ki, bu da dünyada qəbul olunmuş orta səviyyədən (11-12 %) artıqdır. Bu gün əsas diqqət xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılmasına yönəldilmişdir. Qısa zaman ərzində Şahdağ Milli Parkının nümunəvi infrastrukturu qurulmuş, Şirvan və Hirkan Milli Parklarında ekoturizm şəhərcikləri yaradılmışdır. Göygöl və bir sıra digər milli parklarda ekoturizm mərkəzlərinin yaradılması işləri yekun mərhələyə çatmışdır. 2014-cü ilin ilk 9 ayı ərzində vəhşi təbiətin mühafizəsi istiqamətində aparılan işlər davam etdirilmiş və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində bu günədək 150 başadək ceyran öz tarixi areallarına köçürülmüşdür. Alim və mütəxəssislərin iştirakı ilə ölkə ərazisində nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növləri haqqında toplanmış məlumatlar əsasında Azərbaycanın Qırmızı Kitabının 2 cilddən ibarət 2-ci nəşri çap olunmuşdur".
Nazir bildirib ki, atmosferə zərərli maddələr atan 21 istehsalat sahəsinin fəaliyyəti dayandırılmış, köhnə texnologiyalı 32 müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdır. Atmosfer havasını normadan artıq çirkləndirən 17 mənbə ləğv edilmişdir. Bu sahədə tədbirlər davam etdirilir. 2014-cü ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ağacların kəsilməsinə qarşı daha ciddi tədbir görülməsi ilə bağlı tapşırığınızdan sonra bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və məsuliyyətin sərtləşdirilməsi üçün tədbirlər görülmüş, "Yaşıllıqların mühafizəsi haqqında" Qanun qəbul olunmuş, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişikliklər edilir.
Nəzarət tədbirlərinin gücləndirilməsi nəticəsində mənfi halların və bununla bağlı şikayətlərin sayı azalmışdır. Qeyd etmək lazımdır ki, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının, xüsusilə də IDEA İctimai Birliyinin bu mübarizəyə qoşulması yaşıllıqların mühafizəsi tədbirlərinin effektivliyinin artmasına səbəb olmuşdur.
H.Bağırovun sözlərinə görə, son dövrlərdə iqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri aparılır.
Təkcə 2014-cü ildə Azərbaycanda istehsal olunan 9 avtomat meteostansiya quraşdırılaraq işə salınmış və hazırda respublika ərazisində fəaliyyət göstərən 29 avtomat meteostansiyaların hamısı günəş panelləri hesabına alternativ enerji ilə təchiz olunmuşdur. Hazırda hətta Tufandağda 4100 metr yüksəklikdə quraşdırılmış stansiyadan avtomatik məlumatlar alınır.
Nazir qeyd edib ki, SSRİ-dən ayrılanda və Kioto protokoluna qoşulanda Azərbaycan atmosferə ildə 71 milyon ton istilik effekti yaradan qaz tullantıları atırdı. O dövrdə iqtisadiyyatın tənəzzülü nəticəsində tullantıların həcmi 34 milyon tona düşmüşdü. Hazırda Azərbaycan iqtisadiyyatı 4 dəfə böyümüş, lakin tullantılar hələ də baza ilinə nisbətdə 70 faiz səviyyəsində qalmışdır.
Buna ətraf mühitlə bağlı tədbirlərdən başqa, davamlı inkişaf prinsiplərinə böyük önəm verilməsi, ekoloji təmiz sənayenin və bərpa olunan enerji sektorunun inkişafı, enerji effektivliyinin artırılması hesabına, ən əsası isə Azərbaycanın öz resursları hesabına nail olunmasıdır.
Məhz bunun nəticəsi kimi, son zamanlar beynəlxalq ekoloji ictimaiyyət, mətbuat orqanları və sosial şəbəkələr tərəfindən Azərbaycanda təkcə iqlim dəyişmələrinin qarşısının alınması deyil, ümumilikdə ətraf mühitlə bağlı problemlərin həllində əldə olunmuş nailiyyətlər yüksək qiymətləndirilir, Azərbaycanın bu sahədə liderliyi ələ aldığı qeyd edilir. İqlim dəyişmələri üzrə dünyada tanınmış QHT olan İqlim Fəaliyyət Şəbəkəsi (Climate Action Network) Azərbaycanın bu sahədəki ambisiyalarını belə dəyərləndirib: "Bu neft-qaz hasil edən ölkə (Azərbaycan) bundan sonra da təbii ehtiyatlarının hesabına yaşaya biləcəyinə baxmayaraq, ölkənin rəhbərliyi sözdə deyil, əməldə az karbon tullantılı istehsalatın inkişafına üstünlük verir...".
H.Bağırovun sözlərinə görə, 2007-ci ildə qurulmuş ilk modul tipli sutəmizləyici qurğular artıq 7 ildir ki, uğurla istismar olunur: "Bu müddət ərzində qazanılmış təcrübə nəzərə alınaraq, yerli şəraitə tam uyğunlaşdırılmış texnoloji sxem əsasında sutəmizləyici qurğuların ölkədə istehsalı təşkil edilmiş və 2014-cü ildə 50 kənddə məhz Azərbaycanda istehsal olunmuş modul tipli sutəmizləyici qurğuların quraşdırılması üzrə işlər tamamlanır.
Təcrübə göstərdi ki, yaşayış məntəqələrinin qısa müddətə təmiz su ilə təmin edilməsi kimi müasir yanaşma uğurlu olmuş və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Proqramla hələ əhatə olunmamış digər yaşayış məntəqələrində də sutəmizləyici qurğuların quraşdırılması barədə icra hakimiyyətləri və yerli idarəetmə orqanları, əsasən də əhalidən çoxsaylı müraciətlər daxil olur. Tapşırığınıza əsasən bu işin davamı kimi içməli suyun keyfiyyəti aşağı olan və müvafiq icra hakimiyyəti tərəfindən təklif olunmuş 535 min nəfərdən artıq əhalisi olan daha 400 kəndin siyahısı aidiyyəti üzrə təqdim edilmişdir.
Hazırda 38 yaşayış məntəqəsində sutəmizləyici qurğuların quraşdırılması işləri aparılır. Bununla da regionlarda 310 yaşayış məntəqəsinin modul tipli təmizləyici qurğuların quraşdırılması hesabına keyfiyyətli içməli su ilə təmin edilmiş əhalisinin sayı 500 mini keçmişdir".