Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə 1-ci Azərbaycan-Belarus beynəlxalq konfransı öz işinə başlayıb.
Trend-in məlumatına görə, konfransdan əvvəl elmi tədqiqat layihələrini müasir və keyfiyyətli elmi cihaz, avadanlıq, qurğu, məmulat, İKT avadanlığı və s. ilə təmin edən bir sıra yerli və xarici şirkətlərin sərgisi təşkil olunub. Eyni zamanda, bu məsələyə həsr olunmuş xüsusi sessiya keçirilib, sərgidə iştirak edən şirkətlərin rəhbərləri öz fəaliyyət istiqamətləri haqqında məlumat veriblər. Bu isə alimlərə öz gələcək tədqiqatlarında seçim imkanı verəcək.
Beynəlxalq konfransın məqsədi 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində yerinə yetirilən fundamental-tətbiqi xarakterli elmi tədqiqat layihələri üzrə bir il ərzində alınmış elmi nəticələri təhlil etmək, monitorinq xarakteri daşıyan müzakirələr aparmaq, birgə qrant müsabiqələri yolu ilə əməkdaşlığın perspektivləri və konkret sahələri üzrə məsləhət və tövsiyələr verməkdir.
Konfransda dinləniləcək məruzələrin demək olar ki, hamısı Azərbaycan və Belarus alimlərinin həmmüəllifliyi ilə təqdim olunur. Elmin İnkişafı Fondu müsabiqə çərçivəsində alimlərimizi Minsk və digər şəhərlərə elmi ezamiyyətə göndərib, onlara stimullaşdırıcı maaş verib, İKT avadanlığı və elmi cihazlar alıb. Ümumilikdə bu müsabiqə üzrə 7 fundamental-tətbiqi xarakterli layihə qalib elan edilib, Azərbaycan tərəfi üçün ümumi maliyyələşdirilmə həcmi 490 min manat olub.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev açılış nitqində qeyd edib ki, birinci Azərbaycan-Belarus beynəlxalq konfransı iki ölkə arasında elmi səviyyədə qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bir daha göstərir: "Belə tədbirlərin vaxtaşırı keçirilməsi nəzərdə tutulur. Müxtəlif elm sahələrini əhatə etmək qarşıya məqsəd qoyulduğundan konfransa konkret yox, ümumi ad verilib. Oxşar konfranslar razılıq əsasında Belarusda da baş tuta bilər. Elmin İnkişafı Fondu yarandığı gündən iki ölkənin anoloji təşkilatları arasında səmərəli və sıx əməkdaşlıq mövcuddur. Elmin İnkişafı Fondunun fəaliyyətinin təşkilində böyük təcrübəyə malik Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun işinin öyrənilməsi praktiki baxımdan çox səmərəli olub".