...

Azərbaycanda polislər elektroşokdan istifadə edə biləcəklər

Cəmiyyət Materials 28 Oktyabr 2014 13:31 (UTC +04:00)
Azərbaycanda polis əməkdaşlarının elektroşok qurğusundan istifadəsi yalnız daxili işlər nazirinin əmri ilə mümkün olacaq.
Azərbaycanda polislər elektroşokdan istifadə edə biləcəklər

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda polis əməkdaşlarının elektroşok qurğusundan istifadəsi halları ilə bağlı dəyişiklik edilib. Trend-in məlumatına görə, bununla bağlı parlamentin bugünkü iclasında "Polis haqqında" qanuna dəyişikliklər müzakirə edilib.

Layihə barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hazırkı qanuna görə, rota komandirinin, bölük komandirinin tapşırığına əsasən hər bir polis bu qurğudan istifadə edə bilər: "Dəyişiklik ondan ibarətdir ki, elektroşok qurğusunu gəzdirəcək şəxslərin, yəni zabitlərin dairəsi daxili işlər nazirinin əmri ilə müəyyən ediləcək".

O, həmçinin qeyd edib ki, elektroşok vasitələri bu maddənin 2-ci hissəsinin 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər. Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir".

Elektroşok vasitələrin tətbiqinin vacibliyini qeyd edən Ə.Hüseynli bildirib ki, bu, məsafədən cinayətkarı və cəmiyyətə zərər vermək istəyən şəxsi və ya qrupu zərərsizləşdirməyə imklan verəcək: "Elektroşokdan istifadə etməklə şəxsi və qrupu bir neçə metrlikdən zərərsizləşdirmək mümkün olacaq. Belə bir metod dünyada mövcuddur və dünyanın bir çox inkişaf etmiş ölkələrində bundan istifadə olunur".

Onun sözlərinə görə, elektroşok 4 halda istifadə olunacaq və ondan ancaq lazımi məqamda istifadə ediləcək, hər polisə onu daşımaq imkanı verilməyəcək. Sənəddə əks olunmuş dəyişikliyə əsasən, elektroşokdan cinayətkarın insan həyatına təhlükə yaratdığı halda; kütləvi iğtişaşlar və qiyamlar zamanı; silahlı şəxsin silahdan istifadə etməklə müqavimət göstərmək ehtimalı olduğu halda; həbsdə olan şəxsi güc yolu ilə qaçırmaq istədikdə hüquq-mühafizə orqanına bu vasitədən istifadə etmək hüququ veriləcək.

Layihə müzakirələrdən sonra qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti