...

Mübariz Qurbanlı dövlətin din siyasətinin əsas məqsədini açıqladı

Cəmiyyət Materials 11 Noyabr 2014 15:48 (UTC +04:00)
Dövlətin din siyasətinin əsas məqsədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılmasından, həmçinin cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarətdir.
Mübariz Qurbanlı dövlətin din siyasətinin əsas məqsədini açıqladı

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir İlkin İzzət/

Dövlətin din siyasətinin əsas məqsədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılmasından, həmçinin cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarətdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Komitənin sədri Mübariz Qurbanlı noyabrın 11-də DQİDK-nın təşkilatçılığı ilə Qəbələ şəhərində Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "Azərbaycan - tolerantlığa nümunə ölkə" mövzusunda keçirilən konfransda deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olub. O, qeyd edib ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var.

M.Qurbanlı dövlətin din sahəsinə qayğısından, ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında xidmətlərindən söz açaraq, ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirləri xüsusi vurğulayıb.

"Tolerantlıq ünvanı - Azərbaycan" mövzusunda məruzə ilə çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov ölkəmizdə tolerantlığın tarixi, yaranma səbəbləri və bugünkü vəziyyəti barədə dolğun məlumat verib. O bildirib ki, hər bir Azərbaycan vətəndaşı üçün tolerantlıq təkcə hüquqi vəzifə deyil, həm də mənəvi tələbatdır.

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov qeyd edib ki, Azərbaycan tolerantlıq sahəsində bütün dünyaya nümunədir: "Bu da dövlət başçısının məqsədyönlü siyasətinin nəticəsidir. Ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir. Biz həmişə mənəvi-əxlaqi dəyərlərimizlə öyünmüşük. Bu keyfiyyətləri qoruyub saxlamaq, dövlətçiliyimizi qoruyub saxlamaq deməkdir. Müstəqil dövlətimiz bizim ilahi qismətimizdir. Ona görə də indiki və gələcək nəsillər ona hədəflənməlidir ki, ən böyük sərvətimiz olan müstəqilliyimiz qorunsun. Bizim bundan böyük nailiyyətimiz və sərvətimiz yoxdur".

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Ceyhun Rüstəmov, Azərbaycan Respublikası Alban-Udi xristian icmasının sədri Robert Mobili, Qax rayonu Müqəddəs Georgi dini icmasının nümayəndəsi Nanuli Kulaşvili, Oğuz yəhudi icmasının nümayəndəsi Rasim Mikayılov və İsmayıllı rayon İvanovka kəndi Molokan icmasının nümayəndəsi Qriqori Smirnov çıxış edərək Azərbaycandakı teolerantlıq mühitindən, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların dini etiqad azadlığının təmin olunmasından, dövlətin dini konfessiyalara münasibət və qayğısından danışıblar.

Konfransda Qəbələ rayon İcra Hakimiyyətinin başçısının müavini Abil Ağasəfov da iştirak edib.

Qeyd edək ki, konfrans iştirakçıları Qəbələ şəhər Cümə və Yeni şəhər məscidlərini ziyarət edərək dindarlarla görüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti