...

"Azərbaycan bəzi ölkələrin qızıl ehtiyatlarını artırması meyillərinə uymamalıdır"

Cəmiyyət Materials 28 Noyabr 2014 10:04 (UTC +04:00)
Azərbaycan bəzi ölkələr tərəfindən qızıl ehtiyatlarının artırılması ilə bağlı meyillərə uymamalı və “taxta” valyuta hesabına siyasət yürüdən ölkələrdən nümunə götürməməlidir.
"Azərbaycan bəzi ölkələrin qızıl ehtiyatlarını artırması meyillərinə uymamalıdır"

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan bəzi ölkələr tərəfindən qızıl ehtiyatlarının artırılması ilə bağlı meyillərə uymamalı və "taxta" valyuta hesabına siyasət yürüdən ölkələrdən nümunə götürməməlidir. Bu barədə Trend-ə Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli Rusiya və Çinin son vaxtlar öz qızıl ehtiyatlarını artırmaları ilə bağlı faktı şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanın konkret limiti var və həmin limitə görə valyuta ehtiyatlarının bir hissəsi qızılın alışına yönəldilir: "Hesab edirəm ki, bu, doğru siyasətdir, çünki valyutaların məzənnəsi arta və ya azala bilər. Bu proseslər daim baş verir. Lakin əgər uzunmüddətli perspektivdən danışsaq, bu halda oxşar tendensiya qızılın qiymətlərində müşahidə olunsa belə, ümumilikdə qızılın dəyəri yenidən artacaq. Ona görə də valyuta ehtiyatlarının bir hissəsini qızılda saxlamaq düzgün qərardır".

Millət vəkili deyib ki, hazırkı vəziyyətdə Rusiya sadəcə olaraq dollara bağlılıqdan imtina etmək üçün nə etməli olduğunu bilmir: "Dollara bağlılıqdan sadəcə bu şəkildə imtina etmək olmaz. Bu addımı atmaqla Rusiya yalnız öz iqtisadiyyatına zərbə vurmaqdan başqa heç nə edə bilməz".

Ə.Məsimli qeyd edib ki, Rusiya başqa ölkələrlə xarici ticarət əməliyyatlarını rublla aparmaq istəyir: "Bu, kiçik həcmdə mal tədarükləri zamanı səmərəli ola bilər. Lakin neft kimi iri həcmlərdə ixrac olunan məhsullarda oxşar effekti verə bilməz".

Son vaxtlar Rusiya özünün qızıl valyuta ehtiyatlarına fəal şəkildə yenidən baxır. Xüsusilə, ölkə daha fəal şəkildə qızıl almaqdadır. İndiki məqamda Rusiyanın qızıl valyuta ehtiyatlarının ümumi həcminin 10,6 faizə yaxını qızılın payına düşür, ötən il isə bu rəqəm 8,4 faiz təşkil edirdi.

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, Rusiya oktyabr ayında 19 ton qızıl alıb. Beləliklə, oktyabrın sonunda Rusiyanın qızıl ehtiyatlarının həcmi təxminən 1170 ton təşkil edib.

Noyabrın 18-də Rusiya Bankının rəhbəri Elvira Nabiullina elan edib ki, bu il RF Mərkəzi Bankı 150 tona yaxın qızıl alıb. RBK xəbər verir ki, deməli, Rusiya noyabrda əlavə 16 ton qızıl alıb.

Bəzi ekspertlər qeyd edirlər ki, Rusiya Bankı tərəfindən qızıl alışının kəskin artan həcmi onunla əlaqədardır ki, ölkə iqtisadiyyatının dollardan asılılığı, müvafiq olaraq isə ABŞ tərəfindən daha "fundamental" sanksiyaların təsirinin azaldılması planı reallaşdırılır.

Forbes-in məlumatına görə, prezident Vladimir Putin TASS agentliyinə müsahibəsində bəyan edib ki, "dolların diktaturası"na son qoymaq istəyir: "Biz neftin dollarla qiymətləndirildiyi bazarın diktaturasından xilas oluruq, rublun və yuanın istifadəsi imkanlarını artırırıq".

Azərbaycana gəldikdə, BVF-nin məlumatına görə, ölkə oktyabrda öz qızıl ehtiyatlarını 3,2 tondan 30,2 tonadək artırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti