...

Azərbaycanda sərnişinləri qəzadan sığorta etdirməyən avtonəqliyyat vasitələri yol hərəkətinə buraxılmayacaq

Cəmiyyət Materials 4 Dekabr 2014 18:35 (UTC +04:00)
Azərbaycanda sərnişinlərin fərdi qəza sığortası olmayan avtonəqliyyat vasitələri yol hərəkətinə buraxılmayacaq.
Azərbaycanda sərnişinləri qəzadan sığorta etdirməyən avtonəqliyyat vasitələri yol hərəkətinə buraxılmayacaq

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda sərnişinlərin fərdi qəza sığortası olmayan avtonəqliyyat vasitələri yol hərəkətinə buraxılmayacaq. Trend xəbər verir ki, bununla bağlı Milli Məclis tərəfindən "Yol hərəkəti haqqında" qanuna dəyişikliklər ediləcək.

Milli Məclisdən Trend-ə bildiriblər ki, "Yol hərəkəti haqqında" qanunun 14-cü (Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması) maddəsinə edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişindaşıma xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar.

Bununla bağlı qanunun 27-ci (Nəqliyyat vasitələinin dövlət qeydiyyatı) maddəsinə də texniki xarakterli dəyişiklik ediləcək.

Qanununa 30-cu maddəsinin (Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi) VII hissəsinin yeni redaksiyada olacaq 5-ci bəndinə əsasən isə texniki baxışdan keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs müvafiq orqana digər sənədlərlə yanaşı, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsini də təqdim etməlidir.

Bununla yanaşı, qanunun 37-ci (Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri) maddəsinə edilən dəyişikliyə görə, mexaniki nəqliyyat vasitəsinin sürücüsü digər müvafiq sənədlərlə yanaşı, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinın "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsini özündə saxlamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti